00:00:00
Yazar
Zəhra Həsənova
06.05.2026 20:12 23 2 dəq oxuma
Siyasət

Avropa İttifaqı-Ukrayna münasibətlərində yeni şərt: Kredit proqramı vergi islahatından asılıdır

Avropa İttifaqı-Ukrayna münasibətlərində yeni şərt: Kredit proqramı vergi islahatından asılıdır

Avropanın Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq kredit proqramı çərçivəsində növbəti maliyyə paketlərinin ayrılmasını vergi islahatının həyata keçirilməsi ilə şərtləndirməsi diqqət mərkəzinə çevrilib. Bu qərar, xüsusilə regionda davam edən müharibə fonunda həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov "İnformator.az"a açıqlamasında bildirib ki, beynəlxalq aktorların Ukraynaya dəstəyi yalnız humanitar və ya siyasi səbəblərlə məhdudlaşmır:

 

"Ümumiyyətlə, nə Avropa, nə də ABŞ, Ukraynaya boşuna dəstək olmur. Burada birbaşa olaraq dövlətlərin və təşkilatların öz maraqları var. Avropa Ukraynaya dəstək verir, çünki müharibənin uzanması fonunda Rusiyanın zəifləməsini istəyir. Bu baxımdan Ukraynaya göstərilən dəstək həm də geosiyasi məqsədlərə xidmət edir". 

 

Ekspert qeyd edib ki, əvvəllər ABŞ-nin da müharibənin davam etməsində maraqlı olduğu müşahidə edilsə də, Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtonun mövqeyində müəyyən dəyişikliklər baş verib. Bu isə ABŞ ilə Avropa paytaxtları arasında münasibətlərin gərginləşməsinə səbəb olub:


"Artıq Avropa ABŞ-nin əvvəlki səviyyədə dəstəyini hiss etmir və buna görə də Ukrayna məsələsində daha çox təşəbbüs göstərməyə çalışır. Bu isə Avropanın regionda rolunu artırmaq istəyindən irəli gəlir”. 

 

Kənan Novruzovun sözlərinə görə, Avropa İttifaqının Ukraynaya vergi islahatı şərti qoyması təsadüfi deyil və bu, daha geniş strateji məqsədlərə xidmət edir:

 

"Avropa çalışır ki, Ukraynanı daha çox öz təsir dairəsinə daxil etsin. İstənilən dövlətin müstəqilliyi və suverenliyi böyük ölçüdə onun iqtisadi azadlığından asılıdır. Əgər bir ölkə iqtisadi cəhətdən asılı vəziyyətə düşürsə, bu, siyasi asılılığa da gətirib çıxarır. Bu baxımdan Avropa müxtəlif mexanizmlərlə Ukraynanı özündən daha asılı vəziyyətə salmağa çalışır". 
 

Yekun olaraq qeyd edək ki, Ukrayna ilə Avropa arasında münasibətlər yeni mərhələyə daxil olur. Kredit proqramı çərçivəsində irəli sürülən şərtlər təkcə iqtisadi islahatlarla məhdudlaşmır, eyni zamanda regionda geosiyasi balansın formalaşmasına da təsir göstərir.

 

Aişə Mustafayeva

#Avropa #Bakı #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər