Avropa ölkələrinin miqrasiya qaydalarında sərtləşmə müşahidə olunur
Avropada son aylarda təhlükəsizlik, iqtisadi yük və sosial inteqrasiya ilə bağlı narahatlıqlar fonunda miqrasiya siyasətində sərtləşdirmələr güclənir. Bir çox ölkələr viza, sərhəd nəzarəti və sığınacaq prosedurlarını yeniləyərək daha ciddi tələblər tətbiq etməyə başlayıb. Bu dəyişikliklər həm AB ölkələrinə səfər edən turistlərə, həm də uzunmüddətli yaşamaq istəyənlərə təsir göstərə bilər. Yeni qaydaların məqsədi miqrasiya axınını tənzimləmək və daxili təhlükəsizliyi artırmaq kimi izah edilir, lakin qərarların humanitar və sosial tərəfləri də geniş müzakirə olunur.
Mövzu ilə bağlı turizm bələdçisi Vüsal Məmmədov "İnformator.az" saytına açıqlamasında bildirib ki, bəzi ölkələrdə miqrantların saxlanması təhlükəsizlik tədbiri üçündür:
"Yeni sərtləşdirilmiş miqrasiya qaydalarının tətbiqi əsasən bir neçə amillə bağlıdır. Son illərdə artan qanunsuz miqrasiya axını, sərhəd təhlükəsizliyi ilə bağlı narahatlıqlar, eləcə də radikallaşma və cinayətkarlıq riskinin yüksəlməsi bu addımlara səbəb olan əsas faktorlardır. Bundan başqa, Avropa ölkələrinin sosial təminat sistemlərinə düşən yükün artması və miqrantların inteqrasiya prosesində yaranan çətinliklər də siyasətçiləri daha sərt mexanizmlər tətbiq etməyə vadar edir.
Bu dəyişikliklər qısamüddətli səyahət edən şəxslərə müəyyən mənada təsir göstərə bilər. Xüsusən, viza prosedurlarının daha detallı yoxlanılması, əlavə sənədlərin tələb edilməsi və müraciətlərin qiymətləndirilmə müddətinin uzanması ehtimal olunur. Səyahətçilərin təhlükəsizlik yoxlamalarından daha ciddi şəkildə keçməsi və bəzi hallarda sosial media, maliyyə vəziyyəti və səfərin məqsədi kimi məlumatların daha ətraflı araşdırılması gözlənilir. Bu isə həm vaxt, həm də bürokratik yükün artması deməkdir.
Miqrantların qəbul prosesində isə yeni tələblər daha çox şəffaflıq və təhlükəsizlik üzərində qurulur. Dövlətlər müraciət edən şəxslərdən daha geniş biometrik məlumatlar, uzunmüddətli fəaliyyət və yaşayış tarixçəsi, sosial media hesablarının son illərə aid məlumatları, eləcə də risk qiymətləndirməsi üçün əlavə sorğular tələb edə bilərlər. Bəzi ölkələrdə miqrantların ilkin mərhələdə xüsusi mərkəzlərdə saxlanılması, daha sonra isə onların təhlükəsizlik baxımından təhlil edilməsi kimi tədbirlər də tətbiq olunur. Bu tələblər ümumilikdə miqrasiya prosesini daha nəzarətli və selektiv bir formaya salmağı hədəfləyir".
Ayisə Şərifova