00:00:00
Yazar
Admin User
02.10.2025 18:34 143 2 dəq oxuma
Dünya

Avropa səmasında sirli təxribatlar

Avropa səmasında sirli təxribatlar

Almaniyanın Tselle şəhərində Bundesverə aid hərbi təyyarə aerodromdan qalxarkən pirotexniki hücuma məruz qalıb. Şübhəlilər tapılmayıb. İsveçdə, Karlskrona yaxınlığında iki naməlum PUA görünüb. Eyni gecə Oslo və Kopenhagen hava limanları da pilotsuz uçuş aparatları səbəbilə bağlanıb; bir neçə reys başqa aerodromlara yönləndirilib.

 

Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında qeyd edib ki, ilk növbədə bu, hibrit müharibənin tərkib hissəsidir:

 

“İkinci olaraq, bu cür pozuntularla Ukraynaya olunan yardımların dayandırılması məqsədi güdülür — açıq şəkildə NATO ölkələri təhdid edilir. Üçüncü olaraq isə NATO-nun bu cür hadisələrə nə qədər çevik və hazır reaksiya verə biləcəyinin testi aparılır. Bu yöndə test edilir. Bu təxribatın törədəni, səbəbkarı təbii ki, Rusiyadır və bu, əlbəttə, Rusiya–NATO qarşıdurmasını tətikləyir. Çünki NATO dövlətləri, bütövlükdə — NATO təşkilatı uzunmüddətli belə pozuntu hadisələrinə səbirli ola bilməz. Hansısa mərhələdə, məqamda, Rusiya göndərdiyi dronlar və qırıcı təyyarələri vurula bilər və bu da çox ciddi müharibə səbəbi ola bilər. Buna görə də bu cür hadisələr özü ilə böyük təhlükə daşıyır. Hələlik NATO səbirli davranır və bu pozuntuları öyrənməyə çalışır; digər tərəfdən isə bu pozuntulara qarşı dura bilmək, çevik reaksiya verə bilmək və eyni zamanda ucuz dronları ucuz vasitələrlə zərərsizləşdirmək üzərində işləyir. Paralel olaraq NATO-nun verdiyi sərt reaksiya da — hələlik sözdə — Rusiyanın qırıcı təyyarələrinin NATO hava məkanını pozması hadisələrinin artıq səngiməsidir.”

 

Politoloqun sözlərinə görə, dronlar müxtəlif istiqamətlərdən NATO ölkələrinin sərhədlərinə hələ də təhlükə törətməyə davam edir:

 

“Yalnız bu məsələdə bəzi çətinliklər var — dronların hansı istiqamətdə və kim vasitəsilə göndərilməsinin araşdırılması problemlər daşıyır. Məsələn, bəzi NATO ölkələrində bununla bağlı həbs olunan Sinqapur vətəndaşları var. Bu, əlbəttə ki, Rusiyaya yönəlik izləri itirmək məqsədilə belə fəaliyyətin həyata keçirildiyini göstərir. Yəni Sinqapurlu və ya Afrikalı olmağın o qədər də önəmi yoxdur — bu gün insanlara böyük məbləğdə maliyyə verilməklə istənilən dronu istənilən istiqamətdə uçurtmaq mümkündür. Bunlar sadəcə müxtəlif dövlətlərin vətəndaşları vasitəsilə törədilən təxribatlardır və buna görə də konkret Rusiyanı ittiham etmək çətindir. Buna görə də hələlik hazırlıqlar gedir; paralel olaraq həm Ukrayna, həm Rusiya, həm də Belarus istiqamətindən gələ biləcək bütün dronları zərərsizləşdirmək üçün ‘dron divarları’ layihəsi kimi bir plan üzərində çalışılır. Burada əlbəttə ki, söhbət ucuz başa gələn dronu ucuz vasitələr ilə zərərsizləşdirməkdən gedir və bu kontekstdə belə bir divar yaratmaq istəyirlər ki, Rusiya istənilən vaxt bu dronları NATO ölkələrinə göndərə bilməsin və sərhədi keçməmiş zərərsizləşdirilsin.”

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər