Avropa üçün növbəti hədəf riski
Rusiya Avropaya hərbi əməliyyatları çoxdan planlaşdırıb, lakin bu, yalnız Ukraynaya qarşı müharibədən sonra mümkün olacaq. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirib.
Onun sözlərinə görə, Rusiya yaxın dövrdə Avropa ölkələrinə təzyiqi artırmaq üçün müxtəlif hücumlar və dron göndərişləri planlaşdırır. Məqsəd Qərbin Ukraynaya dəstəyini azaltmaq və Avropa cəmiyyətində qorxu yaratmaqdır ki, onlar hökumətlərindən Rusiyayla gərginliyi azaltmağı tələb etsinlər. Budanov qeyd edib ki, Avropa mümkün müharibəyə hazır deyil, Rusiya isə uzun müddətdir bu istiqamətdə hazırlıq aparır.
Mövzu ilə bağlı “İnformator.az”a Ağ Partiya başqanının müavini, beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı açıqlama edib:
“Tarix göstərir ki, Rusiyada müəyyən nəticələr çıxarmaq məcburiyyəti var və böyük ehtimalla özü də bu nəticələri görür. Amma Rusiya Almaniya olmaq istəməz. Hazırkı durum müəyyən mənada 1918-ci ildə məğlub olan, sonra isə 1933–1939-cu illər arasında dirçələrək Avropaya müharibə elan edən Hitler Almaniyasını xatırladır. Yenə də düşünürəm ki, Rusiya bu yola getməz, çünki Avropanı qarşısına almağa gücü çatmaz. Avropa dedikdə təkcə qitə ölkələri yox, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Almaniya kimi böyük güclər nəzərdə tutulur. Bu dövlətlərlə təkbaşına savaşmaq Rusiyanın indiki vəziyyətində mümkün deyil. Ola bilər, Çin faktoruna güvənirlər, amma bunun da yetərli olacağını düşünmürəm. Bu baxımdan Kiril Budanovun səsləndirdiyi versiya o qədər də inandırıcı gəlmir. Onun məqsədi daha çox Avropanı xəbərdar etmək, Ukraynaya dəstəyi artırmaqdır. Yəni Avropaya təhlükənin yaxın olduğunu göstərib dəstəyin güclənməsini istəyir. Bu yanaşmanı başa düşmək olur və məncə, doğru addımdır. Amma Avropa bundan sonra başqa cür davranacaqmı? Xeyr. Artıq onların Ukrayna siyasəti hamımıza bəllidir.
2022-ci ilin fevralın 22-də Putin hücum edəcəyini deyib, amma heç kim ciddi qəbul etməyib. İki gün sonra Rusiya tankları demək olar Kiyevin mərkəzinə çatanda hamı başa düşüb ki, bu, zarafat deyil. Həmin günlərdə dəfələrlə qeyd edirdik ki, Ukrayna 2014-cü ilin vəziyyətinə qaytarıla bilər, hətta daha çətin talelə üz-üzə qala bilər. Bu gün dediklərimiz özünü doğruldur. Kollektiv Qərb artıq Ukrayna ilə bağlı istədiklərinin çoxunu əldə edib. Üç ildən artıqdır ki, Rusiyanın bütün diqqəti Ukraynaya yönəlib və öz əsas hədəflərindən müəyyən qədər uzaqlaşıb. O hədəflərə yenidən qayıtmaq üçün bir neçə il lazımdır. Bu müddətdə Qərb regionlarda öz maraqlarını həyata keçirməyə davam edəcək. Bundan o yana, ABŞ başda olmaqla Qərbin başqa addım atmasını gözləmirəm”.
C. Abbaslı son olaraq qeyd edib ki, Ukrayna ilə bağlı qərb ölkələri arasında parçalanma açıq görünür:
“Kimi deyir silah verəcək, kimi deyir verməyəcək. Hava məkanının qorunması məsələsində də fikir ayrılığı var. Xüsusilə Almaniya və İtaliya bu məsələdə daha aktiv görünür. Bu da Avropa daxilində ciddi fikir müxtəlifliyinin olduğunu göstərir. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Rusiya bu müharibədən müəyyən mənada uduşlu çıxacaq. Amma yaxın gələcəkdə başqa bir ölkəyə hücum etməsi real deyil. Rusiyanın özü də toparlanmağa ehtiyac duyur. Qısa müddətdə yeni bir müharibəyə başlamaq həm resurs, həm də siyasi baxımdan mümkün deyil. İlk sıralarda risk altında olan ölkələr, məsələn Polşa belə, məncə, yaxın zaman üçün real hədəf deyil. Avropaya hücum etmək demək olar ki, intihar addımı ola bilər. Bu səbəbdən yaxın gələcəkdə Qərb–Rusiya müharibəsinin baş verəcəyini düşünmürəm”.
Ləman Mahmudlu
