00:00:00
Yazar
Zəhra Həsənova
24.04.2026 18:23 22 2 dəq oxuma
Siyasət

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub

Azərbaycan BMT-nin “Vasitəçilik nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub. APA-nın məlumatına görə, sənədi Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev imzalayıb. 2018-ci ildə qəbul edilən konvensiya vasitəçilik yolu ilə əldə olunan razılaşmaların beynəlxalq hüquqi çərçivəsini müəyyən edir.

 

Mövzu ilə bağlı Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin bu ilin fevralın 20-də imzaladığı sərəncama əsasən, Azərbaycan Birləşmiş Millətlər Təşkilatında mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında konvensiyaya qoşulub:

 

“BMT-nin qəbul etdiyi bu konvensiya kommersiya mübahisələrinin həllində olduqca vacib sənəddir. Azərbaycan bu konvensiyaya qoşulmaqla mediasiya yolu ilə beynəlxalq mübahisələrin həlli imkanlarını genişləndirir. Nəzərə alsaq ki, Azərbaycan hazırda investisiya qoyulan ölkələr sırasındadır və 2024-cü ildə 7 milyard dollardan çox xarici investisiya cəlb olunub, bu konvensiya xarici investorlar üçün əlavə təminat yaradır. Əgər investisiya ilə bağlı gələcəkdə hər hansı mübahisə yaranarsa, tərəflər bunu mediasiya yolu ilə daha operativ və az xərc ilə həll edə biləcəklər. Bu, həm dövlətlərin, həm də tərəflərin işini asanlaşdırır. Mediasiya yolu ilə əldə olunan razılaşmalar müvafiq dövlətlər tərəfindən qəbul edilir və bu da qərarların icrasını asanlaşdırır, əlavə xərclərin qarşısını alır”.

 

Əli Mustafa əlavə edib ki, bu addım Azərbaycanın beynəlxalq nüfuzuna da müsbət təsir göstərir: 

 

“Bu konvensiyaya qoşulmaq ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirir, iqtisadi və kommersiya əlaqələrinin genişlənməsinə, eyni zamanda daha çox xarici sərmayənin cəlb olunmasına şərait yaradır”.

 

Fatimə Hüseynli

#gündəm #beynəlxalq #sazişinə #vasitəçilik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər