Avropada işsizliyin fəsadları davam edir
Bu dəfə İtaliyada əhalinin etirazları başlayıb. Buna səbəb hökumətin sosial müavinətləri ləğv etməsidir. Meloni administrasiyasının işsizlər üçün sosial yardım sisteminin tamamilə ləğv ediləcəyini qısa SMS-lə elan etməsi isə sakinləri daha da qəzələndirib.
Keçən il İtaliyada hakimiyyətə gələn kimi sosial yardım sistemini sərtləşdirməyə qərar verdiyini açıqlayan ifrat sağçı baş nazir Corciya Meloni 2024-cü il yanvarın 1-dək təsdiq olunan 18-59 yaşlı işsizlər üçün sosial yardım sisteminin tamamilə ləğv ediləcəyini elan edib. Hökumətin qısa SMS vasitəsilə 169 min aztəminatlı ailəyə sosial müavinətlərin avqustun əvvəlindən kəsildiyini bildirməsi həm əhalinin, həm də müxalifət partiyalarının sərt reaksiyasına səbəb olub. Sözügedən sosial müavinətlər layihəsinin icrasçısı keçmiş baş nazir Cüzeppe Konte Melonini qərarını tənqid edərək: "Baş nazir insanların həyatı ilə oynayır. Hazırda yalnız bu müavinətlərlə yaşayan 50-60 yaşlarında olan vətəndaşlar yardımı almaqda çətinlik çəkəcəklər. Təhsil və yeni iş yerləri tapmaqda çətin olacaq” deyib. Sosial müavinətlərin SMS mesajı ilə kəsildiyini öyrənən İtaliya vətəndaşları telefonla Sosial Müdafiə İdarəsinə zəng edərək vəziyyətləri barədə məlumat almağa çalışıb. Həmçinin mərkəzlərə gedərək qərara sərt reaksiyalarını bildiriblər. Xüsusilə Neapolda etirazlar daha ciddi olub.
Ölkə sakini Anna Ciovanna bu qərarla razı olmadığını deyir: “Müavinətlərin verilməsinin dayandırılması işsiz əhalini daha da çətin vəziyyətlə qarşı-qarşıya qoyacaq. Bundan ən çox əziyyət çəkənlərdən biri də yaşlı əhali olacaq. Düşünürəm ki, mövcud qərarın verilməsi italyanlar üçün çətin bir şəraitin yaranmasına gətirib çıxaracaq və insanlar gündəlik həyatlarında çox əziyyət çəkəcəklər”.
İtaliyada 4 il əvvəl qüvvəyə minən minimum gəlirlə sosial yardım meyarlarını sərtləşdirəcəyi xəbərdarlığını edən ifrat sağçı hökumət son qərarı ilə bəzi qrupların sosial hüququnu pozub. Bundan başqa hökumət aztəminatlı və işsiz ailələrə, yaşı 65-dən yuxarı olan şəxslərə “sosial yardım” adı altında təyin edilən aylıq müavinəti də verməməyə qərar verib. Hazırda müavinətdən məhrum olanlar əvəzində sentyabrın 1-dən ölkənin işsizlik mərkəzlərində peşə təhsili almaq üçün ayda 350 avro alacaqlar.
Meloni bundan öncə mətbuata açıqlamasında sosial yardımların əvəzinə məşğulluğa önəm veriləcəyini açıqlayıb: “Üç ildir yardım alan insanlar var, dövlət bu insanlara iş tapmağa kömək etməlidir”.
"Rai News"-un məlumatına görə, avqust-sentyabr ayları arasında əlavə 80 min ailə müavinətlərdən məhrum olacaq. Mövcud situasiyanın yaranmasının əsas səbəbi kimi ölkədəki işsizlik göstərilir. İyunda İtaliyada işsizlik 7,4%-ə düşüb, ölkədə işləyənlərin ümumi sayı 23 milyon 590 min nəfərdir. Son aylarda məşğulluq sahəsində müsbət inkişafa baxmayaraq, İtaliya Aİ-də işsizlik səviyyəsinin ən yüksək olduğu ölkələr sırasındadır. İyun ayında Aİ ölkələrində işsizlik 5,9% faiz olub.
Digər tərəfdən, Avropadakı iqtisadi və siyasi hadisələr sosial paketlərin ödənilməsi ilə bağlı maliyyə çatışmazlığına səbəb olub. Problemin həlli üçün "Qoca qitə"nin bir sıra ölkələrində pensiya, səhiyyə, işsizlik və sosial yardım layihələrində islahatlar aparılıb. Amma edilən dəyişikliklər mübahisələrə və etirazlara səbəb olur. Şərqi Avropa ölkələrində də vəziyyət ürəkaçan deyil. Pensiya fondları inflyasiya təsirindən ciddi zərbə alıb. Qərbi Avropa ölkələrində yaşayanlar isə Ümumi Daxili Məhsulun artan faizini sosial yardıma xərcləyirlər.
Bənövşə
