Avropadakı siyasi dairələrin Türkiyəyə münasibəti dəyişmir
Avropa Şurasının prezidenti Şarl Mişel 27 üzvü olan birliyin 2030-cu ilədək genişlənməli olduğunu bildirib. “Ukrayna və Moldovaya namizəd statusu verilib. Eyni status lazımi addımları atacağı təqdirdə Gürcüstan, Bosniya və Herseqovinanı da gözləyir” deyən Mişel uzun müddətdir Avropa İttifaqına namizəd olan Türkiyənin adını çəkməyib.
Bu müddət ərzində bütün dünyada, o cümlədən Avropada vəziyyət xeyli dəyişib. Amma görünən tərəfi odur ki, Avropadakı siyasi dairələrin Türkiyəyə münasibəti dəyişməz qalıb. Siyasi şərhçi İsmail Cingöz deyir ki, bu ondan irəli gəlir ki, Türkiyə hərbi gücünə görə Avropa qitəsində nüfuzlu ölkəsidir və yürütdüyü müstəqil siyasət bəzi dairələri narahat edir. “İsveçin NATO üzvlüyü müddətində Türkiyənin şərtlər irəli sürməsi bir xristian klubu halını almış olan Avropa Birliyinin də diqqətini çəkib. Ona görə də Türkiyəni üzvlüyünə qəbul etmək istəmədiklərini Şarl Mişel vasitəsilə bildirmiş oldular”.
Politoloq İlqar Vəlizadə isə deyir ki, bəzi Balkan, Cənubi Avropa ölkələri və Macarıstan kimi dövlətlər var ki, Türkiyənin ittifaqa qoşulmasına tərəfdardırlar. Onlar düşünürlər ki, Avropa Türkiyəni üzv qəbul etməklə Yaxın Şərqdə təmsil oluna bilər. Bu zaman Aralıq və Qara dəniz hövzəsində nüfuzunu artıra, enerji təhlükəsizliyini və hərbi-siyasi gücünü möhkəmlədə bilər. “Türkiyənin istəyi bundan ibarətdir ki, heç olmasa, Avropa İttifaqı ilə ticarət münasibətləri aktivləşsin. Avropa İttifaqı ilə Türkiyə arasında “Azad Ticarət Zonası” adlı bir saziş var. Bu sazişin yenidən işlənilməsi və indiki şəraitə uyğunlaşdırılması ilə bağlı təkliflər var. Digər tərəfdən vizasız gediş-gəliş prosesi baş versin. Onda həm ticarət əlaqələri artar, həm də Türkiyənin nüfuzu da Avropada artmış olacaq”.
Mişel birliyin “gələcək üzvlərinin” problemlərini öz aralarında həll etməli olduqları mesajını da verib. Onun sözlərinə görə, genişlənmə prosesi həm gələcək üzv ölkələr, həm də Avropa İttifaqı üçün "çətin və bəzən də ağrılı" olacaq. Birliyə namizəd olan Balkan ölkələrinin liderləri isə Mişelin genişlənmə planına şübhə ilə yanaşır.
AYSU