00:00:00
Yazar
Aysel Mirzəyeva
23.02.2026 17:24 13 2 dəq oxuma
İqtisadiyyat Özəl

"Avropanın Çinlə iqtisadi inteqrasiyasını gücləndirə bilər" - ŞƏRH

"Avropanın Çinlə iqtisadi inteqrasiyasını gücləndirə bilər" - ŞƏRH

Avropa Parlamenti Aİ ilə ABŞ arasında 15 faizlik tariflər barədə razılaşmanın ratifikasiyasını ikinci dəfə dayandırmağı planlaşdırır.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Parlamenti Aİ ilə ABŞ arasındakı 15 faizlik tarif razılaşmasının ratifikasiyasını yenidən təxirə salmağı planlaşdırır:

 

“Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bern Lange qeyd edib ki, ABŞ-nin qlobal rüsumları 10%-dən 15%-ə qaldırması və Ali Məhkəmənin qərarı vəziyyəti çətinləşdirib. Məhz buna görə ratifikasiya prosesi ikinci dəfə dayandırılıb. Səbəblərdən əsas biri ABŞ-nin dəyişkən tarif siyasətidir. Rüsumların artırılması Avropa tərəfində də vəziyyəti mürəkkəbləşdirir, çünki ayrı-ayrı Avropa ölkələrinin ABŞ ilə ticarət əlaqələrinin həcmi və strukturu fərqlidir. İdxal və ixrac proporsiyaları müxtəlif olduğundan məsələ vahid mövqe formalaşdırmağı çətinləşdirir. Bundan əlavə, ABŞ-nin bəzi Avropa ölkələrinə xüsusi tarif tətbiqi və əvvəlki Qrenlandiya məsələsi kimi siyasi gərginliklər Avropa Parlamentində ciddi narazılıq yaradıb. Hazırda Avropada gündəmdə olan məsələlər təkcə iqtisadi deyil, həm də suverenlik və təhlükəsizlik məsələləridir. Bu səbəbdən uzunmüddətli maraqlar nəzərə alınaraq daha ehtiyatlı qərar verməyə çalışılır. Qısa müddətdə ratifikasiyanın təxirə salınması isə münasibətlərdə qeyri-müəyyənliyi artırır, şirkətlərin ixrac və investisiya planlarını risk altına salır və iqtisadi əlaqələrə mənfi təsir göstərir”.

 

İqtisadçı əlavə edib ki, 15 faizlik tarif qərarı müvəqqəti xarakter daşıya bilər, çünki ABŞ Prezidentinin 150 gün müddətində belə səlahiyyəti var:

 

“Ali Məhkəmə ABŞ-də Trampın əvvəlki tarif qərarlarını ləğv edib və onları qanunsuz hesab edib. Bundan sonra Donald Tramp Prezident səlahiyyətlərindən istifadə edərək tarifləri maksimum 15% səviyyəsində müəyyənləşdirib. Orta müddətdə bu artım Avropa istehsalçıları üçün ABŞ bazarına çıxışı çətinləşdirəcək. Lakin uzunmüddətli tətbiq üçün Senatın da bu siyasəti dəstəkləməsi lazımdır. Əgər Senat təsdiq verərsə, məsələ artıq Ali Məhkəmənin müdaxilə sferasından kənarda qala bilər. Uzun müddətdə belə tarif siyasəti iki tərəf arasında ticarət müqavilələrini zəiflədə, Avropanın Çinlə iqtisadi inteqrasiyasını gücləndirə bilər. Bu isə ABŞ-nin planlarının əks effekt verməsi deməkdir. Nəticədə həm Avropa İttifaqı, həm də ABŞ üçün makroiqtisadi risklər yarana bilər. Ticarət balansında mənfi dəyişikliklər, ÜDM artım tempinin zəifləməsi, iş yerlərinin azalması və qiymət artımı mümkündür. Sənaye sektorunun inkişafı və yeni texnologiyaların tətbiqi çətinləşə, maliyyə bazarlarında qeyri-sabitlik arta bilər. Bu isə bank sektoruna və sığorta şirkətlərinə də mənfi təsir göstərəcək”.


Günel Əlili

#azərbaycan #iqtisadi #"avropanın #bilər"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər