00:00:00
Yazar
Admin User
26.08.2025 15:07 110 2 dəq oxuma
Siyasət

Avstraliya Baş naziri İranı antisemit hücumlarda ittiham edib

Avstraliya Baş naziri İranı antisemit hücumlarda ittiham edib

Avstraliyanın Baş naziri Entoni Albaneze İranı ölkədəki iki antisemit hücumu yönləndirməkdə ittiham edib. Onun sözlərinə görə, kəşfiyyat hücumların arxasında İranın olduğunu müəyyənləşdirib. Bu səbəbdən Avstraliya İran səfirini ölkədən çıxarır. Albaneze bildirib ki, İran hücumlarda iştirakını gizlətməyə çalışsa da, sübutlar onun birbaşa əlaqəsini göstərir.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Avstraliya Baş naziri Entoni Albaneze İranı Sidney və Melburndakı antisemit hücumlarla əlaqələndirib:

 

“İran səfirinin ölkədən çıxarılması diplomatik münasibətlərdə ciddi gərginliyə səbəb olacaq addım kimi dəyərləndirilir. Hadisəni bir neçə aspektdən təhlil etmək olar. İlk növbədə, bu addım Avstraliyanın ABŞ və digər Qərb ölkələri ilə əməkdaşlığını gücləndirəcək. Çünki Qərb dövlətlərinin böyük əksəriyyəti artıq uzun müddətdir İranı Yaxın Şərqdə müxtəlif qrupları dəstəkləməkdə və regional sabitliyi pozmaqda ittiham edir. Avstraliyanın da bu mövqeyə qoşulması həm təhlükəsizlik, həm də kəşfiyyat əməkdaşlığı sahəsində əlaqələri dərinləşdirə bilər. Bu, həm də Avstraliyanın ABŞ ilə hərbi-strateji ittifaqı olan AUKUS çərçivəsində mövqelərinin daha da yaxınlaşmasına gətirib çıxara bilər”.

 

Politoloq vurğulayıb ki,  İran səfirinin çıxarılması münasibətləri minimuma endirəcək:

 

“Tehran buna adekvat cavab olaraq Avstraliya səfirini ölkədən çıxara və ya iqtisadi-siyasi sahədə qarşı addımlar ata bilər. Bu isə iki ölkə arasında onsuz da məhdud olan əlaqələrin tamamilə dondurulmasına gətirib çıxara bilər. Nəhayət, beynəlxalq imic aspektindən baxdıqda, hadisə İranın mövqeyinə mənfi təsir göstərəcək. Onsuz da Qərb dövlətləri tərəfindən təzyiqlərlə üzləşən Tehran indi əlavə olaraq Avstraliyanın sərt diplomatik addımı ilə qarşılaşır. Bu, İranı daha da təcrid edə bilər. Onun beynəlxalq reputasiyasına zərbə vura bilər. Beləliklə, hadisə həm Avstraliya-İran münasibətlərində kəskin böhran yaradacaq, həm də İranın qlobal imicini zəiflədəcək”.

 

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər