Avstraliya Əbu-Dabi, Dubay və Təl-Əvivdəki diplomatik nümayəndəliklərini bağlayıb
Avstraliya regionda təhlükəsizlik təhdidləri fonunda Əbu-Dabi və Təl-Əvivdəki səfirliklərini, eləcə də Dubaydakı konsulluğunu müvəqqəti olaraq bağlayıb.
"İnformator.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq bildirib.
"Əbu-Dabi, Dubay və Təl-Əvivdəki nümayəndəliklərimiz ötən həftə bağlanmaq məcburiyyətində qaldı", - o qeyd edib.
Nazir vurğulayıb ki, Avstraliyanın diplomatik missiyalarının yerləşdiyi ən azı 9 şəhər raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb:
"İranın cavab hücumları əvvəllər görmədiyimiz miqyasda və dərinlikdə davam edir. Ehtimal ki, münaqişə yaxın vaxtlarda şiddətlənəcək".
Avstraliya hökuməti, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və İsraildəki diplomatların ailə üzvlərinin ölkəni tərk etməsi barədə göstəriş verib.
Nazir vurğulayıb ki, İranın hücumları mülki sakinlərin, o cümlədən avstraliyalıların həyatını təhlükəyə atır.