00:00:00
Yazar
Lalə Qafarova
08.04.2026 21:01 35 2 dəq oxuma
İdman

Azərbaycan Basketbol Liqası: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşib

Azərbaycan Basketbol Liqası: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşib

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə vəsiqə qazanacaq sonuncu komandanın adına aydınlıq gəlib. Pley-in mərhələsinin ikinci oyununda NTD səfərdə "Sumqayıt" kollektivinə qalib gələrək növbəti mərhələyə yüksəlib. Bununla da pley-off cütləri tam formalaşıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a idman eksperti Rövşən Binnətli bildirib ki, NTD heyət baxımından rəqibindən daha güclüdür və daha geniş rotasiya imkanlarına malikdir:

 

"Mövsümün sonuna doğru heyətdə aparılan dəyişikliklərin oyun keyfiyyətinə müsbət təsir göstərdiyini xüsusi qeyd etmək lazımdır. Məhz bunun nəticəsində balanslı kollektiv formalaşdı və bu amil "Sumqayıt"la qarşılaşmada əsas üstünlüklərdən birinə çevrildi. NTD-nin pley-in seriyasında 2:0 hesabı ilə qalib gəlməsi bunu bir daha sübut etdi".

 

Ekspert qarşılaşmanın həlledici məqamlarını da vurğulayıb. O qeyd edib ki, NTD basketbolçularının rotasiyadan düzgün istifadə etməsi oyunun taleyini həll edib:

 

"Onlar əvəzləmələri vaxtında edərək oyunun tempini öz əllərində saxladılar. Komandanın həm müdafiədə, həm də hücumda nümayiş etdirdiyi intizamlı çıxış diqqətçəkən idi. "Sumqayıt" hər nə qədər məhsuldar oyun sərgiləməyə çalışsa da, rəqib onların hücum planlarını reallaşdırmasına imkan vermədi".

 

R.Binnətli, həmçinin "Sumqayıt"ın məğlubiyyət səbəblərinə də toxunub:

 

"Sumqayıt"ın əsas zəifliyi rotasiyanın məhdud olması idi. Heyətdə cəmi 4 əcnəbi basketbolçunun yer alması seçim imkanlarını azaldırdı. NTD ilə müqayisədə onların heyəti daha zəif görünürdü. Matç sona yaxınlaşdıqca oyunçuların yorğunluğu özünü açıq büruzə verirdi. Bundan əlavə, NTD-nin "A" qrupunu təmsil etməsi onların daha rəqabətədavamlı kollektiv olduğunun göstəricisidir".

 

Reyhan Quliyeva

 

 

#pley-off #liqası: #gündəm #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər