“Azərbaycan-Britaniya əməkdaşlığı artıq yalnız neftlə məhdudlaşmır”-ŞƏRH
Azərbaycanla Böyük Britaniya arasında bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara çatıb.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 7,3 dəfə artıb.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin artması ilk baxışdan çox ciddi iqtisadi uğur təsiri yaradır:

“Lakin bu statistikanın arxasında duran iqtisadi məzmun daha dərindən təhlil edilməlidir. Təqdim edilən məlumatlara əsasən, dövriyyənin 3,4 milyard dolları Azərbaycanın Böyük Britaniyaya ixracının, cəmi 89,6 milyon dolları isə Britaniyadan idxalın payına düşür. Bu göstəricilər artımın əsasən enerji sektorundan qaynaqlandığını və ticarətin hələ də yüksək dərəcədə neft-qaz məhsullarından asılı olduğunu göstərir. Əslində, burada əsas məsələ ticarət dövriyyəsinin həcmi deyil, onun strukturudur. Əgər artım qeyri-neft məhsullarının, sənaye mallarının, yüksək texnologiyaların və xidmət ixracının genişlənməsi hesabına baş versə idi, bunu iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi uğur hesab etmək olardı. Mövcud mənzərə onu göstərir ki, rekord göstəricinin əsas mənbəyi yenə də enerji sektorudur”.
Ekspert qeyd edib ki, Böyük Britaniya uzun illərdir Azərbaycanın ən böyük xarici investorlarından biridir:
“İki ölkə arasında əməkdaşlıq artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmır. Yaşıl enerji, rəqəmsal iqtisadiyyat, maliyyə xidmətləri, logistika və təhsil sahələrində yeni əməkdaşlıq imkanları formalaşır. Xüsusilə Xəzərdə bərpa olunan enerji layihələri və Orta Dəhliz üzrə əməkdaşlıq gələcək dövrün əsas istiqamətləri hesab oluna bilər. Bununla yanaşı, uzunmüddətli perspektivdə əsas çağırış Azərbaycanın Britaniya bazarına qeyri-neft məhsulları ilə çıxış imkanlarını genişləndirməsidir. Əks halda, enerji qiymətlərində və ya ixrac həcmlərində baş verəcək dəyişikliklər ticarət göstəricilərinə birbaşa təsir göstərə bilər. Ümumilikdə, Azərbaycan-Böyük Britaniya ticarətində müşahidə olunan rekord artım müsbət tendensiyadır. Lakin bu göstəricinin dayanıqlı iqtisadi nəticəyə çevrilməsi üçün ticarət münasibətlərinin enerji sektorundan kənarda da dərinləşdirilməsi, yüksək əlavə dəyər yaradan məhsulların və xidmətlərin ixracının artırılması vacibdir. İqtisadi münasibətlərin gələcək uğuru məhz dövriyyənin həcmindən deyil, onun keyfiyyətindən və diversifikasiya səviyyəsindən asılı olacaq”.
Nuray Əliyeva