Azərbaycan Dövlət Pedaqoji Kollecində Ağa Musa Nağıyevin irsi təbliğ olunub
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Ağa Musa Nağıyev irsinin təbliği” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirici tədbir keçirilib.
Tədbirdə görkəmli xeyriyyəçi və mesenat Ağa Musa Nağıyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki yeri, xeyriyyəçilik ənənələri və Bakının tarixi-memarlıq irsinə verdiyi töhfələr haqqında tələbələrə ətraflı məlumat verilib.
Layihənin rəhbəri, Ağa Musa Nağıyevin nəvəsi Dilara Nağıyeva çıxış edərək onun zəngin irsinin qorunmasının, həyat və fəaliyyətinin gənc nəslə tanıdılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi Ağa Musa Nağıyevin tarixi irsini gənclər arasında təbliğ etmək, onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələri geniş ictimaiyyətə çatdırmaqdır.




