Azərbaycan-Latviya biznes forumu: Prezidentlər iqtisadi əməkdaşlıqdan danışıb
Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsnin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib. Tədbirdə hər iki ölkənin iş adamları, rəsmi şəxslər və iqtisadi qurumların nümayəndələri iştirak ediblər. Forum çərçivəsində dövlət başçıları çıxış edərək iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Xüsusilə ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu cür tədbirlər Azərbaycan və Latviya arasında tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib ki, aprelin 22-də Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilib və Latviya Prezidenti Edqars Rinkeviçs bu məqsədlə Azərbaycanda rəsmi səfərdədir:
“İlk növbədə qeyd etmək olar ki, Azərbaycan ilə Latviya arasındakı münasibətlər kifayət qədər yüksək səviyyədə inkişaf edir və bu dostluq münasibətlərinin təməli uzun müddət əvvəl qoyulub.
1992-ci ildə Latviya Azərbaycanın müstəqilliyini tanıyıb, 1994-cü ildə isə diplomatik münasibətlər qurulub. Daha sonra 2005-ci ildə Latviyada Azərbaycanın, 2006-cı ildə isə Azərbaycanda Latviyanın səfirlikləri açılıb və həmin dövrdən etibarən münasibətlər intensiv və artan xarakter daşıyıb.
İki dövlət arasında münasibətlərin yüksək səviyyədə inkişafında dövlət başçıları-Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsin şəxsi dostluq münasibətləri də mühüm rol oynayıb. Prezidentlərin də qeyd etdiyi kimi, bu münasibətlər artıq 20 ilə yaxındır davam edir və dövlətlərarası əlaqələrə müsbət təsir göstərir.
Azərbaycan və Latviya arasında müxtəlif sahələri əhatə edən hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu komissiya uzun illərdir qarşılıqlı anlaşma şəraitində bir sıra layihələrin həyata keçirilməsinə töhfə verir və iqtisadi münasibətlərin inkişafına xidmət edir. Forumdan bir gün əvvəl isə komissiyanın iclası işğaldan azad edilmiş Qarabağ bölgəsində, Şuşada keçirilib və forum zamanı bu iclasla bağlı hesabat xarakterli məlumat təqdim olunub.
Eyni zamanda Prezident İlham Əliyev bir sıra məsələlərə toxunaraq qeyd edib ki, iqtisadi münasibətlər getdikcə daha da inkişaf edir. Bununla yanaşı, mədəniyyət, elm və təhsil sahələrində də əməkdaşlıq davam edir. Hazırda Azərbaycandan 450 tələbə Latviyanın müxtəlif ali təhsil müəssisələrində təhsil alır ki, bu da gələcəkdə ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. İqtisadi sahədə də birgə layihələr həyata keçirilir. Latviyanın 47 müxtəlif profilli şirkəti Azərbaycanda fəaliyyət göstərir və müxtəlif sahələrə investisiyalar yatırılıb. Bu əlaqələrin artan dinamika üzrə inkişafı hər iki tərəf üçün faydalıdır. Ümumilikdə, keçirilən forumun əsas məqsədi iki ölkə arasında müxtəlif sahələr üzrə münasibətləri daha da inkişaf etdirmək və əməkdaşlığı yeni səviyyəyə yüksəltməkdir. Qeyd etmək lazımdır ki, hazırda dövlətlər arasındakı münasibətlər yüksək səviyyədədir və onların daha da inkişaf etdirilməsi üçün bu cür forumlar, hökumətlərarası komissiyalar və müxtəlif sahələr üzrə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Latviya dost ölkə kimi Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və Azərbaycan da bu istiqamətdə fəaliyyətini davam etdirir”.
Banuçiçək Məmmədova