00:00:00
Yazar
Ayşən Səlimova
18.03.2026 21:09 23 3 dəq oxuma
Sosial

Azərbaycan mənzil bazarı: qiymət dəyişiklikləri və ailələrin sosial təsirləri

Azərbaycan mənzil bazarı: qiymət dəyişiklikləri və ailələrin sosial təsirləri

Son illərdə mənzil qiymətləri Azərbaycanda əhəmiyyətli dəyişikliklər göstərir. Statistik göstəricilər rüblər üzrə qiymət indekslərinin artdığını və bazarda qiymətlərin illik müqayisədə yüksəldiyini göstərir. ”2020-ci ildə mənzil bazarında qiymət indeksləri təxminən 99-100% səviyyəsində sabit qaldığı halda, 2025-ci ildə bu göstərici əhəmiyyətli dərəcədə artaraq 112–114% intervalına yüksəlib”. Bu dəyişikliklər ailələrin yaşayış şəraitinə, kirayə haqqına və ev sahibi olma imkanlarına birbaşa təsir göstərir. Qiymətlərin artması həm də sosial bərabərsizlik, gənclərin ev sahibi olma çətinliyi və şəhərlərdə yaşama xərclərinin yüksəlməsi kimi problemləri gündəmə gətirir.

 

Mövzu ilə bağlı sosioloq Nailə İsmayılova “İnformator.az”a bildirib ki, təbii ki, statistik məlumatlar əhalinin yaşam səviyyəsi və sosial bərabərliyi haqqında dəqiq məlumatları göstərir:

 

“Mənzil bazarındakı qiymət indeksləri əhalinin rifahı haqqında dolayısı ilə çox vacib siqnallar verir. Belə ki, gəlir-xərc balansı əsas göstəricidir. Əgər mənzil qiymətləri gəlir artımını üstələyirsə, bu, real yaşam səviyyəsinin aşağı düşdüyünü göstərir. Digər vacib məsələ sosial bərabərsizliyin tənzimlənməsidir. Qiymət artımı daha çox aşağı və orta gəlirli ailələri sıxışdırır, varlı təbəqə isə bazarda üstün mövqedə qalır. Böyük şəhərlərdə (xüsusilə Bakı kimi mərkəzlərdə) qiymətlərin daha sürətli artması regionlarla sosial fərqi dərinləşdirir. Ev ala bilməyən ailələrin sayının artması kirayə bazarına təzyiq yaradır və bu da əlavə sosial gərginlik formalaşdırır. Bütün bu göstəricilər yalnız iqtisadi dinamikanı deyil, həm də cəmiyyət daxilində bərabər imkanların olub-olmamasını səciyyələndirir. Qiymət indekslərinin artmasının gənclərin ev sahibi olma imkanlarına təsirsiz ötüşmür, yəni qiymət artımı, xüsusilə, gənc ailələr üçün daha ciddi problemlər yaradır. İlkin ödəniş baryeri artır, mənzil qiyməti yüksəldikcə ilkin ödəniş daha əlçatmaz olur. Kredit yükü ağırlaşdıqca uzunmüddətli ipoteka ödənişləri gənclərin maliyyə sabitliyini risk altına qoyur. Gənclər arasında ailə qurma gecikir, çünki ev problemi bir çox hallarda evlilik və ailə planlarını təxirə salır. Miqrasiyaya meyllilik artığı üçüb gənclərdaha regionlara və ya xarici ölkələrə üz tutmağa çalışırlar. Uzunmüddətli kirayədə yığım imkanlarını azaldır və “mənzil sahibi olmaq” perspektivini zəiflədir. Bu məqamda, yəni qiymət artımı ilə əlaqədar dövlət müəyyən sosial siyasətlər həyata keçirə bilər. Belə ki, dövlət bu vəziyyəti balanslaşdırmaq üçün müxtəlif alətlərdən istifadə edə bilər: ipoteka və subsidiya proqramları həyata keçirə, gənclər və yeni ailələr üçün aşağı faizli kreditlər müəyyənləşdirə bilər. İlkin ödənişin bir hissəsinin dövlət vasitəsilə qarşılanması məsələsi müzakirə olunarsa, gənclərin bundan faydalanması məsələsi həll oluna bilər. Sosial mənzil layihələrinin həyata keçirilməsi aşağı və orta gəlirli ailələr üçün dövlət vasitəsilə tikilən mənzillərin əlçatanlılığını təşviq edər. Uzunmüddətli və sərfəli kirayə proqramları, regionların inkişafı, iş yerlərinin regionlarda artırılması, infrastrukturun yaxşılaşdırılması ilə Bakıya axının azaldılmasına səbəb olar. Bazara tənzimləyici müdaxilələrin edilməsi ev bazarında müsbət nəticələrə səbəb olacaq. Gənclərə xüsusi dəstəyin verilməsi, gənc ailələr üçün prioritet ipoteka kvotaları, ilk evini alanlara vergi güzəştlərinin tətbiq olunması çox vacib şərtdir. Beləliklə, mənzil bazarında qiymət artımı təkcə iqtisadi məsələ deyil - bu, birbaşa ailə institutuna, sosial sabitliyə və gələcək nəsillərin həyat keyfiyyətinə təsir edən strateji məsələdir. Əgər bu proses düzgün tənzimlənməzsə, uzunmüddətli perspektivdə sosial təbəqələşmə və demoqrafik problemlər daha da dərinləşə bilər”.

 

Cavahir Əsgərbəyli

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər