00:00:00
Yazar
Nərmin Həşimova
19.05.2026 19:20 213 2 dəq oxuma
Siyasət

“Azərbaycan və Çin münasibətləri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf etməkdədir”- ŞƏRH

“Azərbaycan və Çin münasibətləri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf etməkdədir”- ŞƏRH

Azərbaycanın "vahid Çin" siyasətini dəstəkləməsi ölkənin beynəlxalq münasibətlərdə ərazi bütövlüyü və suverenlik prinsiplərinə verdiyi önəmi bir daha nümayiş etdirir. Prezident İlham Əliyev Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçin ilə görüş zamanı bildirib ki, Azərbaycan separatizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Dövlət başçısı vurğulayıb ki, vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi Azərbaycan daim dövlətlərin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər davamlı inkişaf tempindədir: 


"Bu əlaqələr xüsusilə iqtisadi yöndə daha nəzərəçarpan dərəcədədir. Eyni zamanda Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə və dəyişməz olaraq dəstəkləyir, Tayvanı isə Çinin ayrılmaz hissəsi kimi qəbul edir. Bu mövqe Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biridir və rəsmi Bakı vasitəsilə bütün beynəlxalq platformalarda ardıcıl olaraq bəyan edilir. Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mayın 18-də Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edərkən də ifadə edib. Azərbaycan vaxtilə özü də separatizmdən və ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir dövlət kimi, dünyada separatizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir".


Politoloq qeyd edib ki, rəsmi Bakı Tayvan regionunda keçirilən qanunsuz "seçkiləri" tanımır: 


“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu qanunsuz prosesləri nəinki tanımayıb, hətta onu pisləyən rəsmi bəyanatla çıxış edən dövlətlərdən biri olub. Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəklədiyi kimi, Çin Xalq Respublikası da hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edib. İkitərəfli münasibətlərin yüksək səviyyədə olmasının əyani göstəricisi kimi məhz 18 may 2026-cı il tarixindəki görüşü xüsusilə qeyd etmək olar. Azərbaycan və Çin münasibətləri beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanaraq strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf etməkdədir. Çin Azərbaycanla əsasən nəqliyyat-logistika, ticarət, yaşıl enerji və investisiya sahələrində əməkdaşlığa xüsusi önəm verir. Bu əlaqələr "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafı, həmçinin yüksək texnologiyalar və bərpa olunan enerji layihələri ilə strateji xarakter daşıyır. Bu münasibətlər Azərbaycanın iqtisadi inkişafına və Çin vasitəsi ilə daha mühüm ticari əlaqələrinə imkan yarada bilər".


Mehriban Yariyeva

#Azərbaycan #Çin #əlaqələr #inkişaf
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər