Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq genişlənir
World Bank ilə Azərbaycan arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce ilə görüş keçirib.
Görüş zamanı enerji və nəqliyyat sektorlarında həyata keçirilən layihələr, həmçinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Tərəflər World Urban Forum 13 çərçivəsində dayanıqlı şəhər inkişafı və infrastruktur sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanla Dünya Bankı 90-cı illərdən bəri əməkdaşlıq edir və əməkdaşlığın əsas istiqamətləri enerji layihələri və infrastruktur layihələridir:
"Çünki Dünya Bankının da prioritetlərində bu olub həmişə və Azərbaycanın potensialı da buna imkan verir və Dünya Bankı ilə əməkdaşlıq Azərbaycanda həm icra olunan layihələrin keyfiyyətini artırır, həm də yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayır. İndi Azərbaycanın önəmi artıb, həm enerji istehsalçısı və dünya bazarına çıxar dayanıb bir enerji mərkəzi kimi, həm də bir logistika mərkəzi, orta dəhlizin əsas elementi kimi də önəmi artır və Dünya Bankının marağı da artır. Gələcəkdə Azərbaycana əsasən də infrastruktur layihələrinə yatırımlar qoymağa, kredit verməyə maraqlıdırlar. Bu isə Azərbaycanda, təbii ki, həm yeni iş yerləri yaratmaqda kömək olacaq, həm yeni investisiyalar, həm də yeni texnologiyaların gəlməsinə imkanlar yaradacaq. Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın genişlənməsi Azərbaycan üçün ciddi və müsbət fürsətlər açır".
Aişə Mustafayeva