Azərbaycan və Rusiya arasında geniş perspektivlər mövcuddur
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikitərəfli münasibətləri müzakirə ediblər. Görüşdə ikitərəfli münasibətlərin bəzi aktual məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişafı üçün geniş perspektivlər mövcuddur:
"Düzdür, münasibətlərdə bu müddət ərzində bir qədər gərginliklər hökm sürüb. Bu da Rusiya tərəfinin çox da xoş olmayan davranışları ilə bağlı olub. Ancaq indi münasibətlərin istiləşməsi üçün müəyyən zəminlər var. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin bu ölkənin Xarici İşlər nazirinin müavini Mixayıl Qaluzinlə keçirdiyi görüşlərdə məhz ikitərəfli münasibətlərin normal inkişafı və gələcəkdə baş tutacaq birgə layihələr ətrafında fikir mübadiləsi aparıla bilər. Əlbəttə ki, heç bir zaman Azərbaycan digər qonşularında olduğu kimi Rusiyaya qarşı da heç bir zaman sərt münasibət göstərməyib. Biz Azərbaycan dövləti hər zaman Rusiya ilə münasibətlərə xüsusi önəm verib. Rusiya Azərbaycanın qonşusudur. Ortaq tarixi əlaqələrimiz var və Rusiyada xeyli sayda soydaşımız yaşayır. İqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Buna görə də həmişə maksimum şəkildə Azərbaycan çalışıb ki, Rusiya ilə əlaqələr normal şəkildə inkişaf etsin. İndi bunu düzdür pozmaq istəyən bəzi qüvvələr zaman-zaman ola bilər. Ancaq buna düşünürəm ki, Azərbaycan heç bir zaman əhəmiyyət verməyib. Yəni yenidən münasibətlərin düzəldilməsi istiqamətində müvafiq addımlar atıb və Rusiya tərəfi də soyuqanlılıq nümayiş etdirərək bu prosesin düzəlməsi üçün irəli doğru addımlar atmalıdır. Son zamanlarda baş verən proseslər göstərir artıq Rusiya bu məsələlərdə kifayət qədər soyuqqanlı siyasət aparır. Gələcək üçün çox böyük zəmin var və Azərbaycan və Rusiya əlaqələri düşünürəm ki, ən azı əvvəlki səviyyədə inkişaf edəcək, daha da əlaqələrin daha da genişləndirilməsi, inkişafı üçün çox gözəl şanslar mövcuddur. Və bu şanslardan yerində, əlbəttə ki, istifadə etmək lazımdır".
Günel Əlili