Azərbaycan və UNESCO arasında yeni əməkdaşlıq mərhələsi başlayır
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev UNESCO-nun yeni təyin olunmuş Baş direktorunun müavini Asa Reqner ilə görüşüb. Görüşdə Azərbaycanın UNESCO-da fəal rolu, gender bərabərliyi, təhsil sahəsində əməkdaşlıq, həmçinin UNESCO-80 təşəbbüsü və gələcək birgə layihələr müzakirə olunub.
Mövzu ilə bağlı politoloq “İnformator.az”a açıqlamasında bildirib ki, UNESCO ilə yeni əməkdaşlıq mərhələsinin əsas istiqamətlərindən biri ola bilər:
“Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayevlə UNESCO-nun yeni təyin olunmuş baş direktor müavini Asteringer arasında baş tutan görüşdə
gələcək əməkdaşlığın əsas istiqamətləri müzakirəyə çevrilmişdi. Hesab edirəm ki, gələcək əməkdaşlıqda gender bərabərliyi ilə yanaşı, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və xüsusilə, UNESCO-nun 80 təşəbbüsü çərçivəsində mədəni irs, tarixi abidələrin qorunması və bərpası mövzuları daha aktual olacaq. Məlum olduğu kimi, uzun illər işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağıdılmış mədəni irsin bərpası prioritet məsələdir. Bununla yanaşı, hazırda Ermənistan ərazisində vandalizmə məruz qalmış tarixi Azərbaycan abidələrinin mühafizə olunması və bərpası UNESCO ilə yeni əməkdaşlıq mərhələsinin əsas istiqamətlərindən biri ola bilər. Azərbaycanın son illər bu sahədə yürütdüyü ardıcıl və məqsədyönlü siyasət də məhz bu perspektivləri gücləndirir”.
Aydan Əsgərxanlı