00:00:00
Yazar
Zəri Bayramlı
16.03.2026 21:03 22 2 dəq oxuma
Siyasət Özəl

Azərbaycan XİN: İslamofobiya cəmiyyətlərdə bərabərlik və qarşılıqlı anlaşmanı zədələyir

Azərbaycan XİN: İslamofobiya cəmiyyətlərdə bərabərlik və qarşılıqlı anlaşmanı zədələyir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə yaydığı bəyanatda dini ayrı-seçkilik və nifrət çağırışlarının insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərinə ciddi zərbə vurduğunu bildirib. Nazirlik qeyd edib ki, islamofobiya cəmiyyətlərdə parçalanmanı dərinləşdirən təhlükəli meyildir və belə qərəzli yanaşmaların müasir dünyada yeri yoxdur.

 

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan dini tolerantlıq baxımından dünyada nümunə göstərilə biləcək ölkələrdən biridir:

 

“Azərbaycanda bütün dinlərə və bütün dinlərin təmsilçilərinə hörmətlə yanaşılır, onların hüquqları qorunur, dini icmaların normal fəaliyyəti və inkişafı üçün bütün şərait yaradılıb. Bu baxımdan Azərbaycan tolerantlıq üzrə bütün dünyaya örnək ola biləcək bir dövlətdir. Əgər Azərbaycanın tolerantlıq mövqeyi digər ölkələr tərəfindən də qəbul olunsa, dini xarakterli ayrı-seçkiliyin qarşısını almaq mümkün olar. Bəzi ölkələrdə isə dini tolerantlıqla bağlı vəziyyət fərqlidir və islamofobiya meyilləri müşahidə olunur. Xüsusilə də Qərb və Avropa ölkələrində dini tolerantlıq demək olar ki, zəifdir. Əksinə, din mövzusu üzərindən qızışdırıcı mövqedən çıxış edən qruplar mövcuddur. Hətta bəzi Avropa ölkələrində başqa dinlərə qarşı dözümsüz mövqedə olan siyasi partiyalar fəaliyyət göstərir və onların bəziləri hakimiyyətə belə gəlib”.

 

Elçin Xalidbəyli əlavə edib ki, son illərdə bəzi ölkələrdə islamofobiyanın açıq şəkildə təbliğ olunduğu hallar müşahidə edilir:

 

“Danimarka, Hollandiya kimi ölkələrdə islamofobiyanın açıq təzahürləri müşahidə olunur. İslam dininə qarşı düşmən mövqedən çıxış edilir, dinin simvollarına qarşı təhqiramiz materiallar dərc olunur. Eyni meyillər Fransa kimi ölkələrdə də zaman-zaman gündəmə gəlir. Son dövrlərdə Rusiyada da bu meyillərin artdığını görə bilərik. Müsəlman mənşəli vətəndaşlar və miqrantlar müəyyən təzyiq və təqiblərlə üzləşirlər. Ümumilikdə dünyada islamofobiya meyillərinin güclənməsi təhlükəli prosesdir. Bu cür yanaşmalar sivilizasiyalar arasında qarşıdurma riskini artırır və gələcəkdə daha ciddi gərginliklərə səbəb ola bilər. İslamofobiyanın qarşısının alınması üçün dövlətlər bu məsələ ilə bağlı daha məsuliyyətli mövqe nümayiş etdirməlidirlər - Qərb ölkələri bu məsələ üzərində ciddi düşünməli və islamofobiya meyillərindən uzaqlaşmağı bacarmalıdırlar. Əks halda, bu yanaşma həmin ölkələrin özlərinə də ciddi zərər vura bilər”.

 

Fatimə Hüseynli

#XİN #din #tokerantlıq #bəyanat #trend
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər