Azərbaycan XİN Rusiyaya xəbərdarlıq edib: Qarabağdan siyasi spekulyasiya yolverilməzdir
Azərbaycan XİN Rusiyanın rəsmi şəxslərinin Qarabağla bağlı açıqlamalarına etiraz edib. Nazirlik bildirib ki, Qarabağ Azərbaycanın daxili məsələsidir və bu mövzudan siyasi spekulyasiyalarda istifadə yolverilməzdir. Rəsmi Bakının mövqeyi diplomatik kanallarla Rusiya tərəfinə çatdırılıb. XİN vurğulayıb ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması tarix, beynəlxalq hüquq və 2020-2023-cü illərdəki hərbi-siyasi proseslərlə tam təsdiqlənib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya tərəfi demək olar ki, hər açıqlamasında bu məsələni xüsusi olaraq qabardır və sanki yeni bir “günah” formalaşdırmağa çalışır:
“Rusiya bu formalaşdırdığı iddia edilən “günahı” Ermənistanın üzərinə atmağa çalışır. Əslində isə ortada nə günah var, nə də problem. Azərbaycan öz haqqı olan torpaqları işğaldan azad edib və hazırda Ermənistanla sülh danışıqları prosesi davam edir. Faktiki olaraq iki ölkə arasında sülh əldə olunub, sadəcə razılaşmanın imzalanması mərhələsi qalıb. Müqavilənin demək olar ki, bütün maddələri razılaşdırılıb. Yalnız texniki məsələlər, xüsusilə, Ermənistan Konstitusiyasında yer alan bəzi maddələrin dəyişdirilməsi qalır. Bu dəyişikliklər həyata keçirildikdən sonra heç bir maneə qalmayacaq.Əsas məsələ ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır və bu artıq təmin olunub”.
Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyıblar:
“Yaxın müddətdə, ehtimal ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra müvafiq qanunvericilik dəyişiklikləri ediləcək. Bundan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi rahat şəkildə imzalana bilər. Azərbaycan xalqı Xocalı faciəsi də daxil olmaqla başına gətirilən müsibətləri heç vaxt unutmayacaq, lakin dövlət siyasəti baxımından münaqişə artıq başa çatıb. Rusiyanın bu məsələni gündəmdə saxlamasının əsas səbəbi Ermənistanın Qərbə inteqrasiya siyasətidir. Ermənistan Rusiya orbitində olan təşkilatlardan çıxaraq Qərbə doğru inteqrasiya yolunu seçib. Bu, Ermənistanın suveren seçimidir və xalq da dəstəkləyir. Seçkilərdə Paşinyana olan etimad bunu açıq şəkildə göstərir. Rusiya tərəfi isə bunu ‘inciklik’ kimi qəbul edir və Qarabağ məsələsini qabardaraq günah axtarmağa çalışır. Bu yanaşma Moskva-Bakı münasibətlərini gərginləşdirə bilər. Ona görə də, Rusiya bu məsələdə daha ehtiyatlı davranmalıdır”.
Mələk Hüseynova