Azərbaycan yaşıl enerji dəhlizinin formalaşmasında əsas aktorlardan biri olur
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji tərəfdaşlığının strateji istiqamətləri müzakirə edilib.
Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, hazırkı geosiyasi gərginlik fonunda təchizat zəncirinin sabitliyi və enerji axınlarının təhlükəsizliyi baxımından Cənub Qaz Dəhlizi mühüm əhəmiyyət kəsb edir:
“AÇG yataqlar blokunda dərin laylardan təbii qaz hasilatına başlanması , “Abşeron” yatağının tammiqyaslı işlənməsi , “Ümid” yatağında hasilatın ikinci mərhələsi , “Babək” yatağının işlənməsi ilə bağlı planlar və 2028-ci ildən “Şahdəniz” yatağından yeni mərhələ üzrə hasilata başlanması Azərbaycanın qaz ixrac imkanlarını genişləndirməklə mövcud tərəfdaş bazarların etibarlı təchizatını təmin etməyə, həm də yeni istiqamətlər üzrə ixracın genişləndirilməsinə möhkəm əsas yaradır. Azərbaycanın qaz ixrac potensialını artırması Xəzər dənizində Qərbin enerji inteqrasiyasını əhəmiyyətli dərəcədə dərinləşdirməklə , Azərbaycanın Avropa üçün mühüm alternativ qaz təchizatçısı kimi rolunu gücləndirəcək. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə tədarük edilən Azərbaycan qazı qitənin enerji təhlükəsizliyinin və dayanıqlığının struktur sütununa çevirilib”.
Ekspert qeyd edib ki, Bakı Enerji Həftəsi 2026 tədbirində müzakirə edilən məsələlərdən biri də qlobal enerji təchizatı marşrutlarının və bazarlarının yenidən qurulması məsələsi olub:
“Bu mənada Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ehtiyac duyulur. Avropa İttifaqında Azərbaycan Orta Dəhliz bazarına açılan qərb qapısı kimi baxılır. Cənub Qaz Dəhlizinin ixrac potensialının genişləndirilməsi eyni zamanda Mərkəzi Asiya ölkələrinin malik olduqları qaz ehtiyatlarının Azərbaycan üzərindən Avropaya tədarükünü nəzərdə tutan yeni “Trans Xəzər Qaz Dəhlizi” layihəsinin perspektivini artırır. Bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı Azərbaycanın həyata keçirdiyi yaşıl enerji layihələri qarşıdakı illərdə yeni yaşıl enerji dəhlizinin formalaşmasına stumul yaradacaq. Ölkə daxilində həyata keçirilən yaşıl enerji layihələri enerji kompleksini şaxələndirməklə , Azərbaycan üzərindən yeni yaşıl enerji dəhlizinin formalaşmasına və Mərkəzi Asiya ölkələrinin yaşıl enerji sisteminə çıxışın təmin edilməsinə əsas yaradacaq”.
Nuray Əliyeva