00:00:00
Yazar
Elmira Ağayeva
22.05.2026 20:43 12 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan-Yunanıstan münasibətlərində yeni iqtisadi mərhələ başlayır”-ŞƏRH

“Azərbaycan-Yunanıstan münasibətlərində yeni iqtisadi mərhələ başlayır”-ŞƏRH

Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 361,1 milyon dollar dəyərində olub.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 15% artıb.

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin 15 faiz artaraq 361,1 milyon dollara yüksəlməsi təsadüfi göstərici deyil:


“Bu, Azərbaycanın Avropa bazarında iqtisadi mövqeyinin gücləndiyini göstərir. Burada əsas hərəkətverici faktor enerji əməkdaşlığıdır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib. Xüsusilə, TAP layihəsi vasitəsilə Yunanıstana və ümumilikdə Avropaya qaz ixracının artması ikitərəfli ticarət dövriyyəsinə birbaşa təsir göstərir. Rəqəmlər göstərir ki, Azərbaycanın Yunanıstana ixracı idxalı dəfələrlə üstələyir və bu da ölkəmizin xarici ticarət balansı baxımından müsbət nəticədir.
Yunanıstanla iqtisadi münasibətlərin genişlənməsi yalnız enerji sektoru ilə məhdudlaşmamalıdır”.

Ekspert qeyd edib ki, Yunanıstan Aralıq dənizi və Avropa bazarlarına çıxış baxımından strateji ölkədir:


“Azərbaycan üçün bu istiqamətdə logistika, liman infrastrukturu, kənd təsərrüfatı məhsullarının ixracı, turizm və qeyri-neft sektoru üzrə əməkdaşlığın genişləndirilməsi ciddi iqtisadi dividendlər vəd edir. Avropa bazarına inteqrasiya Azərbaycanın iqtisadi dayanıqlılığı baxımından da mühüm əhəmiyyət daşıyır. Hazırkı geoiqtisadi proseslər fonunda bazarların şaxələndirilməsi artıq seçim deyil, zərurətdir. Azərbaycan Avropa ilə iqtisadi əlaqələri genişləndirməklə həm ixrac imkanlarını artırır, həm də xarici valyuta daxilolmalarını gücləndirir. Bu isə makroiqtisadi sabitliyə müsbət təsir göstərən əsas amillərdən biridir.
Qarşıdakı dövrdə iki ölkə arasında investisiya və biznes platformalarının genişləndirilməsi ticarət dövriyyəsinin daha da artmasına səbəb ola bilər.
Əgər enerji əməkdaşlığı ilə paralel olaraq qeyri-neft sektorunda da institusional təşviqlər gücləndirilərsə, yaxın illərdə Azərbaycan-Yunanıstan iqtisadi münasibətləri daha yüksək mərhələyə keçə bilər”.

Nuray Əliyeva

#Azərbaycan #Yunanıstan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər