00:00:00
Yazar
Zəhra Həsənova
11.05.2026 19:42 25 2 dəq oxuma
Sosial

Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək

Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək

Nazir Emin Əmrullayevin açıqladığı “100-dən çox modul tipli məktəb” layihəsi bölgələrdə təhsil əlçatanlığının artırılması baxımından mühüm addım hesab olunur. Ekspertlər hesab edir ki, xüsusilə, ucqar kəndlərdə modul tipli məktəblərin tikilməsi şagirdlərin daha rahat və təhlükəsiz şəraitdə təhsil almasına imkan yaradacaq. 

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, bölgələrdə modul tipli məktəblərin tikilməsi kəndlərin yaşaması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbin mövcudluğu valideynlərin kənddən köçməsinin qarşısını alan əsas amillərdən biridir:

 

“Valideynlər uşaqlarının təhsili ilə bağlı narahatlıq keçirirlər. Əgər kənddə təhsil almaq üçün şərait yoxdursa, onlar məcburən böyük şəhərlərə və rayonlara üz tuturlar. Buna görə də köçün qarşısını almağın ən yaxşı yolu məktəblərdə vacib infrastrukturun formalaşdırılmasıdır. Bunun da ən əsas hissəsi məktəbdir. Ucqar ərazilərdə tədrisin keyfiyyəti son illər ciddi müzakirə mövzusuna çevrilib. Hazırda Milli Məclisdə “Təhsil haqqında” qanuna distans təhsillə bağlı dəyişikliklərin müzakirəsi aparılır. Pandemiya dövründə bu təcrübə spontan şəkildə tətbiq olunub. İndi isə onun qanuniləşdirilməsi təşəbbüsü var. Yeni layihəyə əsasən, ucqar kənd məktəblərində müəllim çatışmazlığı olan fənlərin onlayn tədrisi təşkil edilə bilər”.

 

Məzahir Məmmədlinin sözlərinə görə, xüsusilə fizika, kimya və coğrafiya kimi fənlər üzrə müəllimlərin ucqar kəndlərdə işləməyə maraq göstərməməsi bu modeli zəruri edir:

 

“Həmin məktəblərin fəaliyyətini davam etdirmək üçün məsafədən təhsil vacibdir. Bunun üçün internet təmin olunmalı, texnologiyadan istifadəni bacaran şəxslər prosesə cəlb edilməlidir. Bu imkan yaradacaq ki, ən ucqar ərazilərdə yaşayan şagirdlər belə peşəkar müəllimlərdən dərs ala bilsinlər. Modul tipli məktəblərdə əsas diqqət yetirilməli məsələlərdən biri də qış aylarında istilik təminatıdır. Bu sahədə artıq müəyyən təcrübə formalaşıb. Xüsusi qızdırıcı cihazlar, odun peçləri və digər müasir istilik sistemlərindən istifadə olunur. Həm modul tipli məktəblərin açılması, həm də məktəblərin optimallaşdırılması təşəbbüsləri cəmiyyətdə müxtəlif reaksiyalar doğurub. Kiçik məktəblərin böyük məktəblərlə birləşdirilməsi, şagirdlərin daşınması məsələləri də vaxtilə etirazlarla qarşılanmışdı. Məncə, bu prosesə bir eksperiment kimi yanaşmaq lazımdır. Zaman keçdikcə onun nə dərəcədə effektiv olduğu daha aydın görünəcək”.

 

Fatimə Hüseynli

#gündəm #modul #baki #tikiləcək #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər