"Azərbaycanın Orta Asiyaya bir körpü rolunda çıxış etməsi də gündəmdədir"
Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə arasında bağlanmış müqavilələr və hədəflər var:
"Ticarət dövriyyəsini yaxın illərdə 15 milyard dollara çatdırılması ilə bağlı hədəflər qoyulub. Və Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərin tempini götürsək, doğurdan da hər il yüksəlişin şahidi oluruq. Yəni ticarət dövriyyəsi artır. Yəqin ki, bu görüşlərin və yaradılmış birgə komissiyaların, hökumətlərarası komissiyaların məqsədi bu ticarət dövriyyəsinin qarşısında duran maneələrin aradan qaldırılması, ticarət dövriyyəsinin qarşılıqlı şəkildə artırılması yollarının tapılması, qarşılıqlı investisiyaların həyata keçirilməsi və sairə məsələləridir. Doğurdan da böyük perspektivlər və potensial var. Yeni logistik xəttlərin yaradılması da təsir göstərəcək. Gələcəkdə daha çox ticarət dövriyyəsinin yaranmasına təsir göstərən faktora çevrilə biləcək. Azərbaycanın Orta Asiyaya bir körpü rolunda çıxış etməsi də gündəmdədir və bu da Türkiyə üçün gələcəkdə daha geniş fürsətlər yarada bilər. Ona görə də belə bir əlaqələrin genişlənməsi və qarşıda bəzi maneələrin o qanunvericiliklər çərçivəsində gömrüklə bağlı və yaxud da yaşıl koridorların, sürətli keçidlərin yaradılması, mal və xidmət mübadiləsinin sürətləndirilməsi, bu məsələlər prioritetdir".
Günel Əlili