Azərbaycanın üç Yunan-Roma güləşçisi yarımfinalda
Albaniyada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin çıxışı diqqət çəkir. Üç idmançının yarımfinala yüksəlməsi komandanın medal potensialının yüksək olduğunu göstərir və yarışın həlledici mərhələsi öncəsi gözləntiləri artırır.
Mövzu ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı "İnformator.az" açıqlamasında deyib ki, aprelin 20-də Albaniyanın paytaxdı Tiranada Güləş üzrə Avropa çempionatı start götürüb və yarışa Yunan- Roma güləşçilərimiz başlayıblar:
"Ötən gün 2 güləşçimiz - Rəşad Məmmədov və İslam Abbasov bürünc medal qazanıblar. Bu gün isə daha 3 idmançımız fəxri kürsüyə qalxa bilər. Nihat Məmmədli 60 kq bürünc medal görüşünə, Həsrət Cəfərov 67, Qurban Qurbanov 82 kq da final görüşünə çıxacaqlar. Hər iki güləşçimiz ötən il də çempion olublar və əllərindən gələni edəcəklər ki, titullarını qorusunlar. Həsrət üçün bu tarixi bir finaldır. Çünki bu görüşdə qələbə qazansa karyerasında böyüklər arasında 4-cü Avropa çempionluğu olacaq. Yunan-Roma güləşində böyüklər arasında Azərbaycanda ilk dördqat Avropa çempionu ünvanına sahib çıxacaq".
Müsahibimizin sözlərinə görə, ümumilikdə buna qədər onqat qadın güləşində Mariya Stadnik Avropa çempionu kimi ümumi güləş rekordçusudur:
"Sərbəst güləşdə isə Hacı Əliyev və Xita Kazimovun dörd çempionluğu var və onlar sərbəst güləşdə ən yüksək nəticəni əldə ediblər. Həsrət də Yunan-Roma güləşində ən yüksək nəticəyə sahib ola bilər. Hər ikisinin çempionluq şansları var. Həsrət tanıdığı Türkiyə güləşçisi ilə qarşı qarşıya gələcək. Qeyd edim ki, ona dəfələrlə qalib gəlib və onu bu görüşün favoritu saymaq olar. Qurban Qurbanov Rusiya güləşçisi ilə üz-üzə gələcək. Həmçinin Nihat Məmmədli də Rusiya güləşçisi ilə yarışacaq. Rusiya komandası güləşin bütün növlərində favoritlərdir. Ona görə də güləşçilərimizin bu ölkədən olan rəqiblərini ciddi rəqib saya bilərik. Hardasa şanslarını isə məhz buna görə 50/50 qiymətləndirmək olar. Yekunda güləşçilərimizin bu axşam neçənci yeri tutacağı da bəlli olacaq".
Zəhra Möhübbətova