00:00:00
Yazar
Zəhra Həsənova
09.07.2026 18:49 28 2 dəq oxuma
İqtisadiyyat

“Azərbaycanın yaşıl enerji ixracı istiqamətində böyük potensialı var” - İqtisadçı

“Azərbaycanın yaşıl enerji ixracı istiqamətində böyük potensialı var” - İqtisadçı

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili bildirib ki, Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi” üzrə nazirlərin görüşü olduqca məhsuldar keçib. Onun sözlərinə görə, görüş çərçivəsində tərəfdaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, yaşıl enerji layihələrinin icrası və regionun Avropanın enerji təhlükəsizliyində rolunun gücləndirilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, "Yaşıl Enerji Dəhlizi” dedikdə söhbət ölkə üzərindən bərpa olunan mənbələrdən, istehsal edilən elektrik enerjisinin ixracından gedir. Bərpa olunan enerji mənbələri - günəş, külək, su və hidrogen hesabına əldə olunan enerji ekoloji baxımdan neft və mazut kimi ənənəvi yanacaq növləri ilə müqayisədə ətraf mühitə daha az təsir göstərdiyi üçün “yaşıl enerji” adlandırılır:

 

“Bu baxımdan ona yaşıl enerji deyirlər. Yəni təbiətdən əldə olunur. Əlbəttə, hər şey təbiətdən alınır, amma bərpa olunan enerji mənbələri istifadə olunduqca yenidən bərpa olunur. Burada söhbət elektrik enerjisindən gedir. Mənbələr isə dediyim kimi, külək, günəş, su və hidrogendir. Yaşıl enerji dəhlizi ölkə üçün həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətlidir. Bu, ölkəyə yeni imkanlar yaradacaq. Əgər enerji bizim ərazimizdən tranzit olunacaqsa, ölkə bunun müqabilində rüsum alacaq. Əgər enerjini özümüz istehsal edib ixrac edəcəyiksə, bu, əlavə dəyər yaradacaq, qeyri-neft ixracını artıracaq. Digər ölkələr bizim ərazimizdən enerji ötürəcəksə, bunun üçün də rüsum ödəyəcəklər. Layihə ölkələr arasında əməkdaşlığın genişlənməsinə də töhfə verəcək. Bu, əməkdaşlığı yaxşılaşdıracaq. Ölkələrin bir-birinin enerji təminatında rol alması onların qarşılıqlı əhəmiyyətini artıracaq. Eyni zamanda, aidiyyəti qurumlar arasında işgüzar əlaqələrin formalaşmasına və işgüzar mühitin inkişafına şərait yaradacaq”.

 

Ekspert, Azərbaycanın yaşıl enerji sahəsində ciddi potensiala malik olduğunu da vurğulayıb:

 

“Azərbaycanın yaşıl enerji ixracı istiqamətində böyük potensialı var. Xüsusilə, külək enerjisi baxımından ölkənin təxminən 200 giqavatlıq potensialı qiymətləndirilir. Yaxın illərdə bunun 10 giqavatının reallaşdırılması planlaşdırılır. Çünki bütün potensialı eyni anda istifadə etmək mümkün deyil. İqtisadi risk ondan ibarətdir ki, bunu istədiyimiz səviyyədə həyata keçirə bilməyə bilərik. Çünki böyük həcmdə investisiya tələb olunur. Təkcə daxili deyil, xarici investorların da marağı və iştirakı vacibdir. Bundan başqa, istehsal olunan enerjinin satış bazarlarına çatdırılması məsələsi var. Tranzit marşrutlarında problemlər yarana bilər. Regiondakı geosiyasi vəziyyət də risk amilidir. Məsələn, müharibələr zamanı enerji infrastrukturu təhlükə altında qala bilər. Boru kəmərlərində olduğu kimi, bu cür layihələrdə də təhlükəsizlik riskləri hər zaman mövcuddur”.

 

Fatimə Hüseynli

#böyük #azərbaycan #i̇qtisadçı #yeni #enerji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər