Azərbaycanlı güləşçidən möhtəşəm nəticə: "Hədəf daha böyükdür"
Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb. İdmançımızın bu uğurunu şərh edən ekspert Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Günaydan bürünc medal qazanacağı gözlənilən idi:
"Əslində, biz ondan çempionluq gözləyirdik. Yarımfinal görüşünün son saniyələrində qələbəni əldən verməsi üzücü oldu. Potensial baxımından Günay qızıl medala da sahib çıxa bilərdi. Xatırladım ki, o, ötən il 23 yaşadək (U-23) güləşçilər arasında Avropa çempionu olmuşdu. Çox perspektivli idmançıdır və onun gələcəkdə Olimpiya oyunlarında medal qazanmaq şansı yüksəkdir".
Ekspertin sözlərinə görə, bürünc medal uğrunda qarşılaşmada Günay Qurbanova rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb:
"O, yarımfinalda qalib gəlib finala yüksəlmək və çempionluq üçün mübarizə aparmaq istəyirdi. Bu səbəbdən bürünc medal qazansa da, görünən odur ki, idmançımız öz nəticəsindən tam razı deyil. Biz azarkeşlər və ictimaiyyət üçün bu, çox yaxşı göstərici olsa da, Günayın qarşısına daha böyük hədəflər qoyması onun idmançı xarakterindən xəbər verir. Hesab edirəm ki, onun bu çıxışını tam qənaətbəxş saymaq olar".
Reyhan Qulizadə