Azərbaycan-ABŞ enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri müzakirə olunub
Azərbaycan və ABŞ arasında enerji əməkdaşlığında yeni mərhələnin prioritetləri müzakirə olunub.
"İnformator" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün ikitərəfli və regional münasibətlərin, eləcə də enerji əməkdaşlığının yeni mərhələyə yüksəlməsini təmin edən strateji əhəmiyyətindən bəhs edilib. Bu xüsusda enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi kimi əməkdaşlıq prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər nəzərdən keçirilib.