Azərbaycan-Aİ münasibətləri yeni mərhələdə
Azərbaycan son illərdə regional və beynəlxalq əməkdaşlıq sahəsində mühüm addımlar ataraq inkişaf yolunu davam etdirir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasında iştirak edib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az” a açıqlamasında bildirib ki , Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün isə strateji imkanların genişlənməsi deməkdir:
“Azərbaycan Avropa İttifaqı ilə münasibətlərə böyük önəm verir. Bu əlaqələr qarşılıqlı maraqlara əsaslanan ikitərəfli çərçivədə inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan təxminən 12 ölkəni karbohidrogen ehtiyatları ilə təmin edir. Bu, Azərbaycanın enerji sahəsində Aİ üçün strateji tərəfdaş olduğunu bir daha sübut edir. Yaxın günlərdə Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan İtaliyanın Prezidenti Sercio Mattarella Azərbaycana səfəri zamanı bu əməkdaşlığa xüsusi diqqət ayırıb. Prezident Mattarella qeyd edib ki, Azərbaycanla münasibətlərin inkişafı, xüsusilə də Aİ-yə inteqrasiya məsələsində İtaliya daha çevik və fəal mövqe tutmağa hazırdır.
Bu yanaşma, Xəzər hövzəsindən Avropaya alternativ enerji marşrutlarının formalaşmasında Azərbaycanın rolunu bir daha önə çıxarır. Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxışı təkcə iqtisadi deyil, eyni zamanda siyasi baxımdan da böyük əhəmiyyət daşıyır. Yaxın günlərdə Avropa İttifaqı Orta Asiya respublikalarına təxminən 12 milyard avro dəyərində investisiya qoyuluşunu nəzərdə tutan müqavilələr imzalayıb. Bundan əvvəl isə Aİ tərəfindən regiona 10 milyard avroya yaxın sərmayə yatırılıb. Bu addımlar Avropa İttifaqının Orta Asiya ölkələrinə və onların təbii resurslarına olan artan marağını əks etdirir”.
Politoloq eyni zamanda açıqlamasında bildirib ki , Azərbaycan Orta Dəhlizin vacib halqası kimi çıxış edir:
“Avropa İttifaqı, həmçinin Xəzər hövzəsindən və Orta Asiya respublikalarından karbohidrogen ehtiyatlarının üzv dövlətlərə daşınmasında maraqlıdır. Bu prosesin həyata keçirilməsi üçün əsas tranzit ölkə Azərbaycandır. Azərbaycan həm Orta Dəhlizin vacib halqası kimi çıxış edir, həm də perspektivdə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi vasitəsilə regionun nəqliyyat və enerji bağlantısında mühüm rol oynaya bilər. Zəngəzur dəhlizinin açılması Avropa üçün yeni enerji nəfəsi, Azərbaycan üçün isə strateji imkanların genişlənməsi deməkdir. Avropa İttifaqı bu layihənin reallaşmasında maraqlıdır. Bu əməkdaşlıq həmçinin Türkiyənin və Orta Asiya respublikalarının maraqları ilə üst-üstə düşür və regionda daha geniş geosiyasi və iqtisadi inteqrasiyaya şərait yaradır”.
Bayramlı Zəri
