Azərbaycan-Belarus münasibətləri: Minsk danışıqlarında yeni mərhələ
Minskdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında danışıqlar aparılıb.
Bildirilib ki, tərəflər dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin prezidentlərinin birgə səyləri nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını vurğulayıblar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında deputat Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycan ilə Belarus arasında münasibətlər iki ölkə liderlərinin qarşılıqlı etimadına və dostluq əlaqələrinə əsaslanır və strateji əməkdaşlıq səviyyəsindədir:
"Minskdə Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin arasında danışıqlarda da dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və iki ölkənin prezidentlərinin birgə səyləri nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı vurğulanıb. Əldə olunmuş razılaşmalar çərçivəsində hazırlanmış bir sıra layihələrin həyata keçirilməsinin gedişi yüksək qiymətləndirilir. Belarus həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə ərazi iddialarından əl çəkməyə çağırıb. Belarus ən çətin anlarda ölkəmizin yanında olduğunu nümayiş etdirərək Azərbaycanın haqq-ədalət mübarizəsinə dəstək verib. Baş nazirlər arasında keçirilən görüş və aparılan danışıqlar da bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan və Belarus etibarlı və strateji tərəfdaşdırlar. Azərbaycan və Belarus arasında münasibətlər konkret nəticələrə hədəflənib və iki dost ölkənin xalqlarının maraqlarına tam uyğun şəkildə inkişaf etdirilir. Azərbaycan dövləti ilə güclü sənaye inkişafına malik olan Belarus dövləti arasında maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Belarusiyanın Azərbaycanın azad edilmiş ərazilərində birgə layihələrin reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirə bilər.
Hər iki ölkənin beynəlxalq müstəvidə daim bir-birilərinə dəstək olmaları, dövlət başçıları arasında yüksək siyasi dialoqun mövcudluğu Belarus-Azərbaycan münasibətlərinin inkişaf dinamikasına öz müsbət təsirini göstərən önəmli faktorlardır. Qəbul edilən qərarlar və atılacaq addımlar hər iki ölkənin inkişafına önəmli töhfə verəcək. Qarşılıqlı fəaliyyətin perspektivləri barədə söhbət açılarkən böyük potensiala malik əmtəə dövriyyəsinin artırılması, sənaye kooperasiyası və kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsi zəruriliyi xüsusi vurğulanmalıdır".
Ayan Eyvazova
