Azərbaycan beynəlxalq dəniz təşkilatına qoşulub
Prezident İlham Əliyev Azərbaycanın “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulması barədə Qanun imzalayıb.
Bu qərar Azərbaycanın dəniz nəqliyyatı sahəsində beynəlxalq əməkdaşlığını və təhlükəsizlik standartlarını gücləndirməyə yönəlib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki,bu qanun əhəmiyyətli xarici siyasət addımıdır:
"Ümumiyyətlə, Azərbaycan Beynəlxalq inteqrasiyanı qüsursuz və düzgün həyata keçirir. Məhz Beynəlxalq inteqrasiya siyasətimizin çox şaxəli və yüksək templə aparılmasının nəticəsidir ki, Azərbaycan bu gün dünyada öz güclü yerini təmin edib. Elə vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən əsas faktorlardan biri də onun beynəlxalq inteqrasiyanın lazimi şəkildə aparması idi. Nəzərə almalıyıq ki, Azərbaycanın öz gücünə uyğun logistika yükdaşıma donanması var. Dünyanın ən müxtəlif ölkələrində, dəniz və okeanlarında Azərbaycanın yükdaşıma gəmiləri hərəkət edir. Ölkənin xarici-iqtisadi fəaliyyətinin mühüm istiqamətlərindən biri də gəmiçilikdir. Bu nöqteyi-nəzərdən ölkənin Beynəlxalq Dəniz Təşkilatına qoşulması haqqında qanun Azərbaycanın inteqrasiya imkanlarını daha da genişləndirir. Təbii ki, bunun birinci növbədə iqtisadi faydası var. Çünki Azərbaycan dəniz təşkilatı ilə əməkdaşlıq etməklə özünün malik olduğu imkanları daha geniş miqyasda dünya arenasına çıxara bilir. Azərbaycanın dəniz gəmiçilik donanması ölkənin iqtisadiyyatını təmin edən mühüm mənbələrdən biridir. Bu cəhətdən beynəlxalq dəniz təşkilatına Azərbaycanın üzvlüyü yalnız ölkənin beynəlxalq əlaqələrini gücləndirməklə qalmır, eyni zamanda ölkə üçün həm də mühüm iqtisadi gəlir mənbəyi sayıla bilər. Azərbaycan Beynəlxalq Təşkilatları nə qədər sıx inteqrasiya etsə, bu ölkənin bir o qədər faydasınadır. Təbii ki, Beynəlxalq Təşkilatların heç də hamısı lazimi səviyyədə fəaliyyət göstərmirlər. Azərbaycanın üzv olduğu Beynəlxalq Təşkilatların bəziləri bizim gözləntilərimizi doğrultmayıblar-BMT kimi. Amma, təbii ki, Beynəlxalq Dəniz Təşkilatı kimi ixtisaslaşdırılmış qurumlarda Azərbaycanın imkanlarını sərf etməsi və bu təşkilatlarda üzvlükdən gözlədiyi bəhrəni götürməsi şansları böyükdür. Hər halda Azərbaycanın həm də, dənizə çıxışı olmayan bir ölkə olaraq Beynəlxalq Dəniz Təşkilatının üzvü olması onun Beynəlxalq Gəmiçilik donanmasının beynəxalq sularda hərəkətini tənzimləməsi baxımındanda önəmlidir. Əgər Azərbaycan özü Dəniz dövləti deyilsə, üstəlik Beynəlxalq Dəniz Təşkilatının üzvü deyilsə, onun beynəlxalq sularda gəmilərinin hərəkətinin nə ilə tənzimlənməsi problemə çevrilə bilər. Bu cəhətdən Azərbaycanın atdığı bu addım xarici siyasətimizin uğurlarından biri sayılmalıdır. Çünki, ölkəmizin Beynəlxalq inteqrasiya səylərinə yeni bir istiqamət açır".
Aişə Mustafayeva
