Azərbaycan-Çin tarixi mədəni əlaqələr
Azərbaycan-Çin mədəni əlaqələri dərin tarixi köklərə dayanır. Çindən uzanan İpək yolu vasitəsilə daim mədəni, tarixi mübadilələrin həyata keçirilməsi ölkələrimiz arasında davamlı münasibətlərin saxlanmasını təmin edib.
Mövzu ilə əlaqədar siyasi şərhçi Ülviyyə Zülfiqar ”İnformator.az”a açıqlamasında bildirib ki,bu gün də Azərbaycan-Çin münasibətlərində siyasi, iqtisadi, mədəni əməkdaşlığın möhkəm təməlini köklü yaxınlıq təşkil edir:
"İki dövlət arasında ali məktəblərarası əməkdaşlıq və diplomların tanınması, mədəniyyət günləri, kino və media layihələri, eləcə də rəqəmsal platformalarda birgə əməkdaşlıq dövlətlərarası münasibətlərin davamlılığı ilə yanaşı, həm də xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. Vizasız gediş-gəliş sisteminin tətbiq olunması turizmin, qarşılıqlı ünsiyyətin intensivliyini artıracaq. Logistik layihələr, dəmir yolları, dəniz limanları isə təkcə iqtisadi deyil, həm də mədəni mübadilə üçün yeni imkanlar açmaqdadır”.
Ekspertin sözlərinə görə,”Prezident İlham Əliyevin Çinə səfəri zamanı, 31 avqust 2025-ci il tarixində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə Si Cinpin bildirib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir:
"Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Bu qarşılıqlı etimad münasibətlərin “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılmasına imkan verməklə yanaşı humanitar əməkdaşlığa da uzunmüddətli təminat verir.Beləliklə, Azərbaycan-Çin mədəni əlaqələri həm qədim İpək Yolunun tarixi mirası, həm də müasir strateji tərəfdaşlıq çərçivəsində daha da dərinləşməkdədir. Tarixi köklər üzərində qurulan bu tərəfdaşlığın həm qlobal, həm də regional miqyasda gətirəcəyi çoxsaylı faydaları, qarşıdakı illərdə iki xalqı daha da yaxınlaşdıracağını indidən aydın şəkildə demək mümkündür”.
Asiman Vəliyeva