"Azərbaycan-Ermənistan normallaşmasını dəstəkləyirik"
Cevdet Yılmaz bildirib ki, regional sülh prosesini və Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləməyə davam edəcəyik.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Türkiyə bununla o mesajı verir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində maneə yaratmaq istəyən üçüncü qüvvələrə qarşı sərt mövqedə olacaq:
“Ona görə də hesab edirəm ki, bundan sonra Ermənistanla Azərbaycan arasında sülh istiqamətində danışıqlar prosesinin uğurla yekunlaşma ehtimalları yüksəkdir. Və təbii ki, burada Türkiyənin mövqeyi kifayət qədər önəmlidir. Ona görə ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını istəməyən və bölgədə qeyri stabil vəziyyətin davam etməsi ilə öz geosiyasi maraqlarını təmin etməyə çalışan ölkələrin sayı kifayət qədər çoxdur. Bu baxımdan Türkiyə bölgədə sabitliyin tərəfdarı olan ölkə olaraq rolunu əhəmiyyətli dərəcədə artırır və bu istiqamətdə biz son zamanlar Türkiyənin daha ciddi və təsirli addımlar atdığını müşahidə edirik. Təbii ki, normallaşma prosesinə, bölgədə geosiyasi maraqlarını təmin etmək üçün qeyri stabil vəziyyətin davam etməsində maraqlı olan ölkələrlə yanaşı, eyni zamanda Ermənistan daxilində revanşistlər və kilsə digər tərəfdən, erməni lobbisi kifayət qədər ciddi fəaliyyət göstərir və indiyə qədər Ermənistan hökumətinə qarşı aparılan təbliğat və etiraz aksiyalarının təşkil olunmasına cəhdlər təbii ki, Ermənistan hökumətinin zəiflədilməsinə və beləliklə də hakimiyyətdən getməsinə hesablanıb. Bütün bunların mərkəzində kilsə, lobbi və onlara dəstək verən üçüncü qüvvələr dayanırdı. Məqsəd Paşinyanı devirmək və beləliklə də sülh prosesi ilə bağlı atılan addımları əngəlləmək məqsədi daşıyırdı. Ona görə də bundan sonra da kilsə və erməni lobbisinin təsiri altında olan qruplar, həmçinin revanşistlər təbii ki, birlikdə prosesi pozmağa yönəlik cəhdlər edir və onlar bir sıra prosesdə maraqlı olan dövlətlərin dəstəyini almağa cəhd edə bilərlər. Ona görə də, hesab edirəm ki, normallaşma prosesinə mane olan əsas məqamlar bundan ibarətdir. Amma istənilən halda Ermənistan hökuməti də ciddi cəhdlə öz siyasi davam etdirməkdə maraqlı görünür".
Reyhan Quliyeva