Azərbaycan-İran arasında siyasi doğruluq
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək onu ad günü münasibətilə təbrik edib.
Telefon danışığı zamanı Məsud Pezeşkian Prezident İlham Əliyevə möhkəm cansağlığı, dövlət başçısı kimi fəaliyyətində yeni uğurlar arzulayıb. Azərbaycan Prezidenti göstərilən diqqətə və səmimi təbrikə görə minnətdarlığını bildirib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, bu niyyətlərin açıq şəkildə ötürülməsi baxımından mühüm rol oynayır:
“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə zəng etməsi, ilk növbədə, Azərbaycan–İran münasibətlərində mövcud dialoq xəttinin qorunub saxlanıldığını və qarşılıqlı siyasi nəzakətin davam etdiyini göstərir. Son illərdə münasibətlərdə dalğalanmaların müşahidə olunmasına baxmayaraq, bu cür birbaşa və simvolik məna daşıyan təmaslar tərəflərin gərginlik ritorikasından uzaq durmağa çalışdığını ortaya qoyur. Telefon danışığı İranın yeni siyasi rəhbərliyinin Bakı ilə münasibətlərdə balanslı və praqmatik xətt seçmək niyyətində olduğuna dair mühüm siqnal kimi də dəyərləndirilə bilər.
2026-cı ildə təmasların davam etdirilməsi ilə bağlı vurğular isə münasibətlərin yalnız cari mərhələdə deyil, orta müddətli perspektivdə də planlaşdırıldığını göstərir. Bu, regional siyasi proseslər baxımından xüsusilə əhəmiyyətlidir, çünki Cənubi Qafqaz və Yaxın Şərqdə paralel şəkildə gedən transformasiyalar fonunda Azərbaycan–İran dialoqu regional sabitliyə təsir edən amillərdən biri olaraq qalır. Davamlı təmaslar nəqliyyat, enerji, sərhəd təhlükəsizliyi və iqtisadi əməkdaşlıq kimi sahələrdə koordinasiyanı gücləndirə, eyni zamanda regiondakı digər aktorların davranışlarını da dolayı şəkildə təsirləndirə bilər.
Bu tip yüksək səviyyəli diplomatik əlaqələr iki ölkə arasında etimadın möhkəmlənməsində əsas alətlərdən biri kimi çıxış edir. Birbaşa liderlər səviyyəsində qurulan dialoq yanlış anlaşılmaların qarşısının alınmasına, həssas məsələlərin daha çevik şəkildə idarə olunmasına imkan yaradır. Xüsusilə mürəkkəb regional mühitdə belə telefon danışıqları siyasi niyyətlərin açıq şəkildə ötürülməsi baxımından mühüm rol oynayır və Azərbaycan–İran münasibətlərində institusional etimadın tədricən bərpasına xidmət edir”.
Aydan Əsgərxanlı
