Azərbaycan oxucusunun ədəbiyyatdakı dil seçimi
Azərbaycan dilində yazılan əsərlərin oxucusu artmaqla yanaşı, rus və ingilis dilində ədəbiyyata maraq da yüksəlməkdədir. Bu vəziyyət isə oxucuların həm milli ədəbiyyata, həm də qlobal ədəbiyyata marağını göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında yazıçı Elxan Elatlı bildirib ki, yerli oxucu yerli ədəbiyyatdakı zəif cəhətləri xarici ədəbiyyatla nisbətdə daha tez görür:
"Müstəqillik dövrümüzdən danışsaq, bir müddət yerli ədəbiyyat daha çox oxunurdu. Lakin son illər xarici ədəbiyyata meyl xeyli güclənib. Bunun iki səbəbini öndə görürəm. Birinci səbəb, nəşriyyatlarımız xarici ədəbiyyatın nəşrini xeyli artırıb.
İkinci səbəb isə hələ də oxucuları tam qane edən əsərlər yaza bilmirik.
Oxucuların hansı dildə daha çox oxuduqlarını soruşursunuzsa, məncə, burada ana dilimiz üstünlük təşkil edir. Xarici dil bilənlərimiz çoxdur, lakin bir xarici dildə danışmağı öyrənmək hələ o dildə bədii ədəbiyyat oxuyub zövq ala bilmək anlamına gəlmir.
Rus və ingilis dilində ədəbiyyat oxumağın əleyhinə deyiləm. Lakin buna aludə olmaq məncə bir qədər təhlükəlidir. Biz öz dilimizi onsuz da yaxşı bilmirik. Ana dilimizin milli kimliyimiz olduğunu nəzərə alaraq mütləq bu dildə çoxlu ədəbiyyat oxumalıyıq.
Azərbaycan dilində yazılan əsərlərin oxucu sayı məni qane etmir. Müəyyən qədər oxucumuz olsa da, bu say artmaqda olsa da, ümumilikdə millət olaraq kitabdan uzaq düşmüşük və bu məni çox ağrıdır.
Söhbət oxumaqdan gedirsə, öz dilimizin doğma və şirinliyi nəzərə alınanda bu dildə oxumaq daha asandır. Lakin dilimizdəki çatışmazlıqlar, zamanın inkişafı ilə kifayət qədər ayaqlaşa bilməməsi yerli yazıçılarımızın işini xeyli çətinləşdirir.
Sözümün sonunda bunu da qeyd etmək istəyirəm ki, bu gün bir yerli yazarın öz ana dilimizdə, həm də öz insanlarımızdan roman yazaraq oxucuları cəlb edə bilməsi heç də bəzilərinin düşündüyü kimi asan deyil. Yerli oxucu yerli ədəbiyyatdakı zəif cəhətləri xarici ədəbiyyatla nisbətdə daha tez görür".
Samirə Allahverdizadə
