00:00:00
Yazar
Güllər Gülhüseynova
28.04.2026 21:50 26 3 dəq oxuma
Sosial

Robotlar artıq hiss edir!- İnsan əməyinə ehtiyac qalmayacaq?

Robotlar artıq hiss edir!- İnsan əməyinə ehtiyac qalmayacaq?

Robotlar artıq yalnız yerimək yox, toxunmağı da öyrənir. Bu, həm sənayeni, həm də iqtisadi sistemi sarsıda bilər.

 

"Optimus", XPENG və "Figure" kimi üçüncü nəsil robotlar laboratoriyalardan real həyata keçdikcə diqqət artıq, sadəcə, "yerimək"dən "hiss etməyə" yönəlir.

 

Robotların bədəninə uyğun kostyum kimi tikilə bilən, toxunma hissinə malik yeni materiallara keçid başlayır. Bu, adi təzyiq sensorları deyil, qatlanma radiusu 0.2 mm-dən az olan elektron dəridir. Beləliklə, robotlar çox həssas toxunuşu hiss edə, səthlərin fərqini ayırd edə və əşyanın düşmədən əvvəl sürüşməsini belə görə bilər.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, texnoloji yeniliklər iş yerlərini azaltsa da, eyni zamanda yeni sahələrin formalaşmasına yol açır:

 

“Robotlar ilkin olaraq daha çox yaradıcılıq tələb etməyən, rutin və təkrarlanan əməliyyatları əvəz edəcək. Bu, xüsusilə maliyyə xidmətləri sahəsində, az ixtisas tələb edən iş yerlərində, anbar fəaliyyətlərində və maliyyə operatorluğu kimi sahələrdə özünü büruzə verəcək. Hansı işlər ki yüksək ixtisas və qabiliyyət tələb etmir, həmin sahələrdə robotlar insanları iş yerlərində əvəz edəcək. Təbii ki, bu proseslə paralel olaraq yeni iş yerləri də açılacaq. Ümumiyyətlə, bu inkişafın əleyhinə getmək olmaz. Vaxtilə mexanikləşdirmə və avtomatlaşdırma dövrlərində də iş yerlərinin itəcəyi ilə bağlı narahatlıqlar var idi, lakin təcrübə göstərdi ki, həyat davam edir və fərqli istiqamətlərdə yeni iş imkanları yaranır. Rutin və təkrarlanan fəaliyyətlərdə iş yerləri azalsa da, eyni zamanda robotların idarə edilməsi, süni intellekt və məlumat təhlükəsizliyi kimi sahələrdə ciddi kadr ehtiyacı yaranacaq. Yəni insanlar daha mürəkkəb və intellektual güc tələb edən sahələrdə çalışacaqlar. Xatırlayırsınızsa, əvvəllər insanlar arabalardan istifadə edir, kənd təsərrüfatında ağır əl əməyinə müraciət edirdilər. Sonradan traktor və kombaynlar yarandı. Sahədə əllə işləyən kəndli traktorsürənə çevrildi; nəticədə həm məhsuldarlıq artdı, həm də rifah gəldi. Robotlar da eyni şəkildə həm xərcləri azaldacaq, həm də məhsuldarlığın yüksəlməsinə və işlərin sürətlənməsinə səbəb olacaq”.

 

Sosioloq Elçin Bayramlı isə qeyd edib ki, yaxın illərdə bir çox peşələrin süni intellekt və robotlar tərəfindən əvəzlənməsi ehtimalı yüksəkdir:

 

“Yaxın 10-15 ildə mövcud peşə və fəaliyyətlərin 90%-i süni intellektin və robotların öhdəsinə keçəcək. Onlar insanları əvəz edərək daha effektiv və məhsuldar işləyəcəklər. Robotlar artıq müstəqil düşünə bilən, özü qərar verən və analiz edən sistemlərə çevrilirlər. Hətta qeyri-maddi sahələrə- emosiya və hisslərə də daxil olublar. Hansı hadisəyə necə reaksiya verdiyimizi, hansı mimikanı işlətdiyimizi, nə vaxt ağlayıb, nə vaxt güləcəyimizi öyrənərək insanı tamamilə təkrarlamağa çalışırlar. Bu sistemlər düzgün insanların əlində olsa, bəşəriyyətin həyatına, istirahətinə və dünyanın gözəlləşməsinə xidmət edəcək. Lakin insandan asılılıq azaldıqca robotların tabe olmaması ehtimalı da var ki, bu da bəşəriyyət üçün ciddi təhlükə riskidir. İnsan texniki və fiziki baxımdan nə qədər əvəz olunsa da, o, bioloji və ruhi varlıq olaraq qalır. Robotlar bizi düşüncə və fəaliyyət müstəvisində təkrar edə bilərlər, lakin ruh və can tamamilə fərqli bir ölçüdür; onu yalnız Yaradan verə bilər. Bu, maddi-texnoloji üsullarla əldə edilə biləcək bir şey deyil. Gələcəkdə hər şey bizim necə bir cəmiyyət və dövlət sistemi quracağımızdan asılı olacaq. Əgər hakimiyyət sağlam qüvvələrin əlində olsa, süni intellekt bəşəriyyətin faydasına işləyəcək, insanı fiziki yükdən azad edərək onun istirahətinə şərait yaradacaq”.

 

Lalə Qurbanlı

#azərbaycan #i̇nsan #edir!- #ehtiyac #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər