Azərbaycan Prezidenti İlham Əliyev Çinin paytaxtı Pekində keçiriləcək Qələbə Paradında iştirak edəcək
Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Vüqar Rəhimzadə “İnformator.az”a açıqlamasında bildirib ki, regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması Azərbaycanın xarici siyasətində xüsusi yer tutur:
“Bu isə öz növbəsində müxtəlif qütblərin bir araya gətirilməsində, yeni dostların, tərəfdaşların qazanılmasında Azərbaycanın rolunu daha da artırır. Azərbaycan hər zaman xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlamaqla, çoxqütblü dünya nizamının formalaşmasına töhfələri ilə diqqətdədir. Bu baxımdan Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin bu ilin 22 aprelində Çin Xalq Respublikasına dövlət səfəri, yüksək səviyyədə, qarşılıqlı etimada və səmimiyyətə söykənən dostluq münasibəti fonunda qarşılanma, keçirilən görüşlər, müzakirə edilən məsələlər, imzalanan sənədlər böyük tarixə malik Azərbaycan-Çin əlaqələrinin bugününün və gələcəyinin aydın mənzərəsinin təqdimatı oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Çinin paytaxtı Pekində keçiriləcək Qələbə Paradında iştirakı dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olacaq. 3 sentyabrda keçiriləcək tədbirdə ümumilikdə 26 xarici ölkə liderinin iştirakı gözlənilir. Qələbə Paradı Pekinin Tyananmen meydanında təşkil ediləcək və Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində, həmçinin İkinci Dünya müharibəsində qələbəsinin 80-ci ildönümünə həsr olunacaq. Tədbir çərçivəsində genişmiqyaslı hərbi yürüş, Çin ordusunun müasir texnikalarının nümayişi və rəsmi mərasimlər keçiriləcək. Pekində keçiriləcək bu yubiley paradı beynəlxalq siyasi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin də yüksək səviyyədə iştirak etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun və Çinlə əlaqələrinin önəmini bir daha təsdiqləyir”.
Milli məclisin üzvü bildirib ki, Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və bu, hər hansı dövlətə qarşı yönəlməyib:
“Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirən Azərbaycan daim ardıcıl və sistemli addımlar atır. Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil, düşünülmüş siyasət ölkəmizə böyük uğurlar qazandırır, dünyada etibarlı və strateji tərəfdaşa çevirir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi, söz sahibliyi günümüzün əsas reallıqlarındandır. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması münasibətlərdə qarşılıqlı etimada böyük önəm verdiyni, bunu sözdə deyil, əməldə sübut etdiyini göstərir. Ona görə də Azərbaycanın Çinlə münasibətlərinin inkişafı heç bir dövlətə, o cümlədən də Rusiyaya qarşı yönəlməyib”.
Vüqar Rəhimzadə son olaraq bildirib ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı qlobal əməkdaşlığa çevrilir:
“Çin dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Artıq Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Çin “Kəmər və yol” təşəbbüsü ilə Asiyanı, Avropanı və Afrikanı birləşdirən nəhəng ticarət və infrastruktur şəbəkəsi formalaşdırır. Ölkəmizin nəqliyyat və logistika imkanları, xüsusilə Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Asiyanın məhsul və resurslarının Avropa bazarına çıxışı üçün əvəzolunmaz körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan artıq təkcə regionda enerji ixracatçısı deyil, həm də qitələrarası nəqliyyat qovşağı kimi tanınır. Çinlə münasibətlərin inkişafı Azərbaycanın regiondakı mövqeyinin daha da güclənməsinə geniş imkanlar yaradır”.
Asiman Vəliyeva