Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri başa çatıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, BMT-nin Baş Assambleyasının 80-ci iclasında iştirak etmək üçün Azərbaycan Respublikası Prezidentinin ABŞ-ına işgüzar səfəri böyük əhəmiyyətə malik, səmərəli görüşlərlə yadda qaldı:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çox səmərəli və böyük əhəmiyyətə malik görüşlərlə yadda qaldı. Bu ilin avqust ayında da bir səfər gerçəkləşmişdi. Bu işgüzar və böyük əhəmiyyətə malik olan səfərlərin sıxlaşması dünyada Azərbaycanın rolunun hansı dərəcədə artdığının və ABŞ ilə əlaqələrinin yüksək tempdə inkişafının göstəricisidir. ABŞ-nin Prezidenti Donald Trampın xüsusi diqqəti və dəvəti ilə gerçəkləşən bu səfərlərdə keçirilən bütün görüşlər ölkəmizin dünya miqyasında nüfuzunun artdığını göstərir. Prezident İlham Əliyevin səfər çərçivəsində BMT-də çıxış etməsi, ölkəmizin hansı çətin yollardan keçərək qələbə qazanmasını və hazırda da sülh yolu ilə addımlamasını qeyd etməsi hazırda münaqişə içində olan ölkələrə də bir nümunə, ibrət idi. Ermənistan və Azərbaycan arasındakı hazırkı durum, irəliləyən sülh prosesi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Burada ABŞ-nin Prezidenti Donald Trampın rolunun olması bölgədə sülh və sabitliyin dayanıqlı olmasına bir zəmanət sayıla bilər. Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasında ABŞ-nin rolu regionda sabitliyin qərarlılığında və inkişafında mühüm rol oynayacaq. Hazırda ABŞ ilə Azərbaycan arasında münasibətlərin yüksək tempdə inkişafı Azərbaycanın bölgədə və dünyada nüfuzunu artırır və aparılan siyasətin effektivliyini sübut edir. Hansı ki, bu münasibətlər təkcə Azərbaycanın yox, bütün region ölkələrinin sülh içində iqtisadi, ticari, siyasi, mədəni əlaqələrinin inkişafına xidmət edir. Görüş çərçivəsində bir çox mövzuların müzakirə edilməsi, müxtəlif məsələlər ətrafında fikir mübadiləsinin aparılması, dünyanın müxtəlif ölkələrindən olan ali səviyyəli rəsmilərlə Prezident İlham Əliyevin görüşünün baş tutması eyni zamanda Azərbaycan Prezidentinin dünya siyasi meydanında böyük təcrübə və idrak sahibi olduğunun təsdiqidir. Bu səfərin nəticələrinin Azərbaycan üçün çox böyük faydaları olacaq və ölkəmiz üçün geniş imkanlar, perspektivlər yaranacaq “.
Reyhan Quliyeva
