Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib
31 avqust 2025-ci ildə Tiencində Prezident İlham Əliyev Çin Sədri Si Cinpinlə görüşüb. Tərəflər strateji tərəfdaşlıq, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhliz və ticarət əlaqələrinin inkişafını müzakirə ediblər. İlham Əliyev Çinin mövqelərini dəstəklədiyini bildirib, Ermənistanla sülhün bərqərar olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Çin arasında münasibətlər, tərəfdaşlıq dinamik inkişaf etməkdədir:
"Hazırda dünyanın ən böyük iqtisadiyyatlarından sayılan Çinlə Azərbaycan arasında siyasi münasibətlərin, iqtisadi əlaqələrin davamlı olaraq inkişaf etdirilməsi həm Çinin, həm də Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanın maraqlarına cavab verir. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Çinlə Azərbaycan münasibətləri hər şeydən öncə bir-birinin maraqlarına həssas yanaşma prinsipinə söykənir. Belə ki, Azərbaycan Çini narahat edən məsələlərdə həmişə Çinin haqlı maraqlarına uyğun mövqe sərgiləyib. Məsələn, Tayvan, Sincan Uyğur və Honkonq məsələlərində Azərbaycanın aydın mövqeyi olub. Bu mövqe də ondan ibarətdir ki, vahid dövlət prinsipini dəstəkləyib, yəni Çinin ərazi bütövlüyünü müdafiə edib. Bundan başqa, Çin üçün çox mühüm əhəmiyyət kəsb edən “Bir kəmər, bir yol” layihəsi 2013-cü ildən start götürüb. Azərbaycan hər zaman bu layihəyə tərəfdar olduğunu bildirib. Ölkəmiz çox etibarlı nəqliyyat-logistika infrastrukturuna sahibdir və sözsüz ki, Çin mallarının ən böyük istehlak bazarlarından olan Avropa bazarına rahat və qənaətli şəkildə az vəsait xərcləməklə çıxarılmasında Azərbaycanın çox təsirli rolu var. Bu baxımdan, Çinlə Azərbaycan arasında nəqliyyat, logistika, energetika və iqtisadiyyatın digər mühüm istiqamətləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi tərəflərin diqqət mərkəzindədir. Diqqət yetirsək, görərik ki, xüsusilə son illərdə Azərbaycanla Çin arasında əlaqələr çox sürətlə inkişaf etməkdədir. Təxminən bir il əvvəl Çinlə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub və bu il iki ölkə arasında vizasız gediş-gəliş təmin edilib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərinə dəvət alması da göstərir ki, bu təşkilat çərçivəsində əsas söz sahiblərindən biri olan Çinlə Azərbaycan arasında əlaqələr kifayət qədər inkişaf edib. Hazırda Çinin Sençjen şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Azərbaycan Prezidentinin iştirakı və Çin lideri Si Cinpinlə görüşü ölkələr arasında əlaqələrin səviyyəsinin müzakirə olunması bir daha Azərbaycanın Çinlə münasibətlərə önəm verdiyini göstərir. Yeri gəlmişkən, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında hələlik dialoq üzrə tərəfdaş statusundadır. Lakin Azərbaycan müşahidəçi statusu üçün müraciət edib. Çin də Azərbaycanın təşkilata üzvlüyünü dəstəklədiyini bildirib. Bu isə ölkəmizin gələcəkdə daha sürətli iqtisadi inkişafı baxımından çox əhəmiyyətlidir. Çünki Şanxay Əməkdaşlıq Təşkilatı kifayət qədər geniş imkanlar və perspektivlər vəd edir. Eyni zamanda görüş zamanı Azərbaycan Prezidenti regionda sülhdən danışıb, sülhün bərqərar olunduğunu qeyd edib. Bu, bir daha nümayiş etdirir ki, Azərbaycan regionda əsas söz sahibidir və sülhün əldə olunması ölkəmizin iradəsinin göstəricisidir. Biz öz torpaqlarımızı Ermənistan işğalından azad etdik, sülh gündəliyini başladıq və onu uğurla irəli apardıq. Bütün bunlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirir və regionda etibarlı sülhün, təhlükəsizlik sisteminin qurulması, həmçinin bütün iştirakçıların maraqlarına cavab verən əməkdaşlıq imkanlarının yaradılması ölkəmizin qarşısında duran əsas məqsədlərdən biridir. Çin də bu barədə məlumatlıdır. Ona görə də gələcəkdə Cənubi Qafqaz regionunda Azərbaycanı ən etibarlı tərəfdaş kimi görməklə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir".
Politoloq həmçinin qeyd edib ki, Tayvan məsələsində Azərbaycanın Çinə açıq dəstəyi yeni hadisə deyil:
"Azərbaycan daim Tayvan məsələsində vahid dövlət ideyasını dəstəkləyib. Bununla yanaşı, Azərbaycanın Avropa ilə də əlaqələri mövcuddur. Energetika sahəsində çox geniş əməkdaşlıq var. Avropa Azərbaycanla bu sahədə əməkdaşlığın daha da inkişafında maraqlıdır. Bunu Avropa İttifaqı rəsmiləri dəfələrlə açıq şəkildə bildiriblər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan öz ədalətli mövqeyi ilə bir daha tam müstəqil siyasət yürütdüyünü nümayiş etdirir".
Ayşən Səlimova