"Azərbaycan qlobal dialoq və sülh təşəbbüslərində fəal rol oynayır"
QMİ sədri Allahşükür Paşazadə Ər-Riyadda keçirilən BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda bildirib ki, Azərbaycanın bu qurumla əməkdaşlığı davam edəcək. O, Sivilizasiyalar Alyansının qlobal dialoq və sülhə verdiyi töhfələri yüksək qiymətləndirib, Azərbaycanın multikultural və tolerant dəyərlərə əsaslanan əməkdaşlıq modelini vurğulayıb. Paşazadə Bakı Prosesinin və Mədəniyyətlərarası Dialoq forumlarının uğurlu nəticələrindən danışaraq, Azərbaycanın Qarabağda dini-mənəvi irsi bərpa etməklə regional və qlobal sülh təşəbbüslərində fəal rol oynadığını qeyd edib.
Mövzu ilə bağlı siyasətçi Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, nailiyyətlər təqdirəlayiqdir:
“Yaşadığımız mürəkkəb dövrdə müharibələr, iqlim dəyişikliyi və bir çox başqa problemlərlə üzləşirik. Hər kəs ədalətsizlik, hüquq bərabərsizliyi, terrorizm və bir çox başqa çağırışlarla birlikdə mübarizə aparmalıdır. BMT Sivilizasiyalar Alyansının iki onillik fəaliyyəti ilə özünü bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına töhfə verən mühüm beynəlxalq platformadır. Ötən müddət ərzində qurumun sülh, insanların birgəyaşayışı, qlobal problemlərin həlli yönündə nailiyyətləri təqdirəlayiqdir. Məhz bu səbəbdən Azərbaycan hər zaman BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin "Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır" fikri bu məsələdə əsas prinsip təşkil edir. Azərbaycan insanların əsrlər boyu birgə yaşadıqları inklüziv modeldir. Xalqımızın tarixi tolerantlığı, Azərbaycanın Şərq və Qərb arasındakı coğrafi mövqeyi kimi amillərin ümumi təsiri nəticəsində elə bir mühit yaranıb ki, burada müxtəlif dini və etnik mənsubiyyətə aid olan insanlar ölkənin inkişafı naminə bir yerdə, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. Zəngin mədəni irsə, qədim tarixə malik Azərbaycanın multikulturalizmin məkanı kimi beynəlxalq aləmdə nüfuzu böyükdür. Tərəqqisini, gələcəyini milli köklər üzərində quran, mədəni müxtəlifliyi böyük sərvət hesab edən dövlətimizin uğurlu inkişafında tolerantlıq və multikultural dəyərlər əsas yer tutur. Sivilizasiyaların qovuşuğunda yerləşən, çoxkonfessiyalı ölkəmiz etnik müxtəlifliyə, xalqların birgəyaşayışına böyük önəm verir, dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanda fərqli dinlərə dözümlülük mühitinin mövcudluğu humanist ideyalara sadiqliyin, sülhpərvərliyin nümunəsi kimi dəyərləndirilir. Hərtərəfli və sürətli inkişaf dövrünə qədəm qoyan, dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycanın multikulturalizm modeli dünyada örnək olaraq qəbul edilir. Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır. Biz də Azərbaycanda bu dəyərləri qorumalı və təbliğ etməliyik. Bu beynəlxalq platformalarda ölkəmizin bəşəri və sülhpərvər mövqeyinin möhkəmlənməsi üçün mühüm faktordur”.
Aydan Əsgərxanlı
