“Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması hər iki dövlətin milli maraqlarına uyğundur”
Rusiya mediasında Azərbaycan əleyhinə yayılan qərəzli və manipulyativ məlumatlar, ekspertlərin fikrincə, Azərbaycan-Rusiya münasibətlərini hədəfə alan kampaniyanın tərkib hissəsidir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər tarixən yüksək səviyyədə olub:
“Xüsusilə 2022-ci ildə iki ölkə prezidentləri arasında imzalanan 43 maddəlik saziş bu əlaqələrin strateji xarakterini təsdiqləyib. Azərbaycan həmişə qonşularla dinc yanaşı yaşamaq prinsipinə əməl edib və heç vaxt üçüncü tərəfə qonşular əleyhinə fəaliyyət göstərməyə imkan verməyib. Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması hər iki dövlətin milli maraqlarına uyğundur. Rusiyanın cənub cinahı üçün Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır və bu əlaqələr həm də regiondakı nəqliyyat və enerji dəhlizləri üçün vacibdir. Son dövrlərdə informasiya məkanında Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş kampaniyalar müşahidə olunur. Bu cür təbliğat nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına xidmət etmir. Azərbaycanla Rusiya arasında münasibətlərin korlanması üçün əsasən Ermənistan çalışır. Çünki 44 günlük müharibədən sonra erməni tərəfi iki ölkə arasında düşmənçilik mühiti yaratmağa maraqlıdır. Digər tərəfdən, Qərb də bu prosesdə fəaldır və Cənubi Qafqaz respublikalarını Rusiyaya qarşı istifadə etmək istəyir.Erməni diasporası və onun Rusiyadakı təsir dairəsi də bu təbliğatda rol oynayır. Bu kampaniyalar nəticəsində süni gərginlik yaradılır, hər iki cəmiyyətdə narahatlıq formalaşır”.
Həmçinin şərhçi qeyd edir ki, Rusiyanın informasiya məkanında erməni lobbisinin təsiri altında yayılan bəyanatlar Azərbaycan ictimaiyyətində narazılıq yaradır:
“Bu isə münasibətlərdə süni soyuqluğa səbəb olur. Halbuki Azərbaycan prezidenti hər zaman balanslaşdırılmış siyasət yürüdüb və Rusiya ilə dostluq münasibətlərinə sadiq qalıb.İki ölkə arasındakı əlaqələr dövlət başçıları səviyyəsində müzakirə olunaraq problemlər aradan qaldırıla bilər. Azərbaycanla Rusiyanın münasibətlərinin yaxşı olması hər iki dövlət üçün strateji əhəmiyyət daşıyır. Rusiya böyük bir dövlətdir və onunla dostluq münasibətləri Azərbaycanın milli maraqlarına uyğundur. Buna görə də informasiya məkanında yayılan qərəzli fikirlər dövlətlərin strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməməlidir”.
Ayşə Müzəfərli