Azərbaycan və ABŞ parlamentləri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin inkişafı üçün ilə xüsusi tədbirlər həyata keçiriləcək.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov bildirib ki, Milli Məclis ilə ABŞ Konqresi arasında əlaqələrin gücləndirilməsi ilk növbədə siyasi dialoqun intensivləşdirilməsini hədəfləyəcək:
“Buraya qanunvericilik təcrübələrinin mübadiləsi, enerji təhlükəsizliyi və yaşıl keçid mövzuları, regional təhlükəsizlik məsələləri, eləcə də demokratiya və insan hüquqları sahəsində fikir mübadilələri daxildir. İqtisadi əməkdaşlıq, investisiyaların təşviqi və rəqəmsal texnologiyalar üzrə birgə təşəbbüslərin də gündəlikdə olması gözləniləndir. Həmçinin təhsil, elm və gənclərin mübadiləsi proqramları da bu əməkdaşlığın mühüm istiqamətlərindən biri olacaq. Azərbaycan–ABŞ münasibətləri üçün bu cür parlamentlərarası əməkdaşlığın əhəmiyyəti olduqca böyükdür. Çünki Azərbaycan regionun strateji oyunçusudur, enerji təhlükəsizliyində və beynəlxalq layihələrdə xüsusi rol oynayır. Parlamentlərarası dialoq vasitəsilə Azərbaycan öz mövqelərini daha geniş izah edə, ədalətli yanaşmanın formalaşmasına təsir göstərə bilər. Bu, həm də ABŞ siyasi dairələrində Azərbaycanın tərəfdaş kimi nüfuzunu gücləndirəcək".
Həmçinin Tural İsmayılov əlavə edib ki, əslində, bu, Bakının regionda lider mövqeyinin və etibarlı tərəfdaş statusunun təsdiqi kimi qiymətləndirilməlidir:
"Nəticə etibarilə, Milli Məclis–ABŞ Konqresi əməkdaşlığı təkcə iki ölkə münasibətlərinə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan öz siyasi iradəsi və praqmatik addımları ilə bu əməkdaşlığın dəyərini artıran əsas tərəfdir “.
Reyhan Quliyeva