Azərbaycan və Bəhreyn arasında viza rejimi ləğv edilib
“Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiqlənib.
Mövzu ilə bağlı olaraq siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycan xarici ölkələrlə əlaqə qurmağa üstünlük verir:
“Azərbaycan bir sıra ölkələrlə diplomatik pasport sahiblərinin rəsmiləşdirmə prosesini sürətləndirib. Yəni Bəhreyn burada tək deyil. Diqqət etsəniz, görərsiniz ki, son aylarda, demək olar ki, bu cür halların biz tez-tez şahidi oluruq. Fikrimcə, bu da hər bir dövlət üçün uğurlu, yəni xarici siyasətin tərkib hissələrindən biri hesab olunur. Düşünürəm ki, Azərbaycan bu cür addımlarını bundan sonra da digər ölkələrlə bağlı atacaq. Çünki daha çox iqtisadi sahədə, eləcə də siyasi yöndə yaxın əlaqələrin qurulması üçün bu cür məhdudiyyətlərin aradan qaldırılması çox vacibdir.
Ümumiyyətlə, Azərbaycan bütün ölkələrlə yaxın əlaqələrin qurulmasında maraqlıdır, xüsusilə Yaxın Şərq ölkələri ilə də yaxın əlaqələrin qurulmasına xüsusi diqqət ayırır. Baxmayaraq ki, Yaxın Şərq əsas münaqişə ocaqlarından biri sayılır, Azərbaycan bu ölkələrlə də yaxın əlaqələrin qurulmasına böyük önəm verir. Düşünürəm ki, Bəhreynlə bağlı bu qərardan sonra ölkələr arasında münasibətlərin yeni bir mərhələsi başlayacaq. Çünki bu qərar sıradan bir qərar kimi qəbul olunmamalıdır.Bu baxımdan diplomatik pasport sahibləri ilə başlanan bu sadələşdirmə prosesi, gələcəkdə xidməti və ümumvətəndaş pasportlarına da şamil oluna bilər. Əsas məqsəd, qarşılıqlı inam və əməkdaşlıq mühitini gücləndirmək, həm siyasi, həm də iqtisadi münasibətləri daha dinamik və effektiv hala gətirməkdir.
Eyni zamanda bu tip addımlar investorlar, iş adamları və sahibkarlar üçün də mühüm stimul yaradır. Çünki viza rejiminin sadələşdirilməsi birbaşa biznes mühitinə təsir göstərir və tərəfdaş ölkələr arasında daha rahat əlaqələrin qurulmasına şərait yaradır.
Nəticə etibarilə, Azərbaycan regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş imicini möhkəmləndirməyi qarşısına məqsəd qoyub və bu cür diplomatik təşəbbüslər həmin məqsədə çatmaq üçün mühüm vasitələrdən biridir. Bu proses həm də Azərbaycanın qlobal diplomatiyada artan nüfuzunun göstəricisidir”.
Arzu Poladova
