00:00:00
Yazar
Admin User
08.09.2025 14:09 190 2 dəq oxuma
Siyasət

Azərbaycan və İranın ortaq layihələri gündəmdə

Azərbaycan və İranın ortaq layihələri gündəmdə

Azərbaycanla İran arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq müzakirə olunub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan bildirib ki, Azərbaycan və İran arasında diplomatik, iqtisadi, ticari, mədəni əlaqələr mövcuddur və inkişaf etməkdədir:

 

“Müəyyən vaxtlarda İranın din siyasəti altında ölkəmizin maraqlarına zidd addımlar atılsa da keçmiş gərginliklər Prezident Pezeşkiyanın xarici siyasəti sayəsində yumşalmaqdadır. İran daxilindəki müəyyən qüvvələrin aqressiv siyasəti bir çox əlamətdar münasibətlərə də təsir göstərirdi. Ancaq Prezidentin Azərbaycana səfəri, müxtəlif vaxtlarda keçirilən görüşlər yeni isti münasibətlərə zəmin yaradır. Həmçinin mədəniyyət və incəsənət sahəsində də münasibətlər inkişaf edə bilər. Xalqların təması, tarixi dəyərlərin yaşadılması kimi elementləri özündə ehtiva edir. Lakin vaxtilə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzi burada din pərdəsi altında zərərli təbliğatla məşğul olub. Ona görə bu münasibətlərdə ehtiyatı əldən vermək olmaz. Şübhəsiz ki, mədəni əlaqələr məkrsiz və səmimi olarsa siyasi münasibətlərin də istiləşməsinə səbəb ola bilər. Mədəniyyət adı altında İran məzhəbçilik, xurafat, siyasiləşmiş dini təbliğat aparmağı nəzərdə tutursa bu, yolverilməzdir. İranın bu gün mədəniyyət adlandırdığı məfhum dövlət ideologiyasına əsaslanan məzhəbçi propaqandadan savayı bir şey deyil. Ancaq hər bir halda münasibətləri inkişaf etdirmək qarşılıqlı olmalıdır. Azərbaycan İrana qarşı hər zaman səmimi olub, amma bu səmimiyyətdən sui-istifadə edilib. Ümid etmək olar ki, bu səfər İranın Prezidenti Məsud Pezeşkiyanın tutduğu islahatçı yol baxımından qeyd olunan siyasi kursda müsbət dəyişikliklər olacaq. Eyni zamanda söhbət mədəniyyətdən gedirsə həqiqətən mədəni, incəsənətdən gedirsə həqiqətən incəsənətdən bəhs olunacaq. Bu cür dəyərlərin altında zərərli təbliğat və təsirlər yolverilməzdir. Bizim mədəniyyətimizin və incəsənətimizin isə İranda inkişafı zəruridir. Əsasən Güneydə məhdudiyyətlər sayəsində sistemsiz duruma düşən Azərbaycan mədəniyyəti və incəsənəti yenidən dirçəlməlidir. Hər halda İranla mədəni əməkdaşlıq siyasi münasibətlərin də nizamına müsbət təsir göstərə bilər".


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər