Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Yaxın vaxtlarda Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçiriləcək.Bildirilib ki, 2024-cü ildə Xarici İşlər nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin davamı olaraq yaxın vaxtlarda Bakıda keçiriləcək növbəti siyasi məsləhətləşmələrə hazırlıq işləri görülür.
Bu məsələ ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan–İspaniya əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur :
"Azərbaycanla İspaniya arasında münasibətlər yüksək səviyyədədir. Avropa ölkələri ilə müqayisədə demək olar ki, Azərbaycan–İspaniya əlaqələri daha müsbət dinamika ilə inkişaf edir. İspaniya turizm ölkəsi olmaqla yanaşı, Avropanın cənub-qərbində yerləşir və həm Atlantik okeanına, həm də Aralıq dənizinə çıxışı ilə strateji əhəmiyyət daşıyır. Digər tərəfdən, Latın Amerikası ölkələrinin böyük əksəriyyəti ispandilli olduğundan, İspaniyanın həmin regionda təsiri kifayət qədər güclüdür. Azərbaycan da bu imkanlardan istifadə etməklə Latın Amerikası ölkələrində öz mövqeyini möhkəmləndirə bilər.
Eyni zamanda, İspaniyanın Avropa İttifaqının və NATO-nun üzvü olması strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir. Yaxın perspektivdə İspaniyanın Azərbaycanla enerji, iqtisadiyyat və siyasət sahələrində əməkdaşlığa mühüm töhfələr verə biləcəyi gözlənilir. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Azərbaycan–İspaniya əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu istiqamətdə atılacaq addımlar dövlətlərarası münasibətləri daha yüksək səviyyəyə qaldırmağa xidmət edəcək və tərəflər arasında əməkdaşlığın müsbət dinamikasını təmin edəcəkdir".
Xədicə Məhərrəmli