Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Qazaxıstanın Bakıdakı səfirliyində iki ölkə arasında münasibətlərin mövcud vəziyyətinə və perspektivlərinə həsr olunmuş dəyirmi masa iclası keçirilib. Ikitərəfli siyasi dialoqun yüksək intensivliyi bütün əsas istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə kömək edir və energetika və nəqliyyat sahələrində birgə strateji layihələrin həyata keçirilməsi üçün şərait yaradır.
Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Qazaxıstan Mərkəzi Asiyanın iqtisadiyyatca ən güclü dövlətidir:
"Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasından sonra Qazaxıstanla münasibətlər ölkəmiz üçün yeni əhəmiyyət kəsb edir. Dünyanın 50-ci böyük iqtisadiyyatına sahib Qazaxıstan Mərkəzi Asiyanın iqtisadiyyatca ən güclü dövlətidir. Üstəlik, çox böyük prespektivləri var. Qazaxıstan Avropa bazarlarına çıxış üçün Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Azərbaycan da Qazaxıstanın dünya bazarlarına çıxışına töhfə vermək gücnüdə olmaqla yanaşı bunda maraqlıdır. Eyni zamanda hər iki ölkə Xəzəryanı dövlətlərdir. Bu mənada Azərbaycanla Qazaxıstanın birgə hərəkət etməsini zəruri edən çox amil var. Mərkəzi Asiyanın ən böyük ölkəsi olan Qazaxıstanla Cənubi Qafqazın ən böyük respublikası olan Azərbaycan arasında yaxın münasibətlər hər iki bölgədə gedən bütün proseslərə müsbət təsir edir. Bütün bunlar iki ölkənin əməkdaşlığının dərinləşməsini zərurətə çevirir".
Xədicə Məhərrəmli
