Azərbaycan və Qazaxıstan təhlükəsizlik əməkdaşlığını gücləndirir
Azərbaycan və Qazaxıstan arasında təhlükəsizlik əməkdaşlığının güclənməsi regionda strateji sabitlik və inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Daxili İşlər naziri Vilayət Eyvazovun Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşü bu əməkdaşlığın yeni imkanlar açdığını nümayiş etdirir.
Mövzu ilə bağlı politoloq Telman Nüsrətoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Türk dövlətlərinin yerləşdiyi coğrafiya Avrasiya baxımından yalnız iqtisadi resurslar və ticarət yolları ilə deyil, həm də təhlükəsizlik məsələləri ilə diqqət çəkir:
"Bu baxımdan Azərbaycan və Qazaxıstan DİN-ləri arasında əməkdaşlığın güclənməsi strateji üstünlüklər yaradaraq iki ölkə arasındakı dialoqu və birgə fəaliyyət imkanlarını artırır. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Bu coğrafiya yalnız ticarət yolu kimi deyil, həm də cinayət qruplarının və terror təşkilatlarının fəaliyyət sahəsi ola biləcək bir ərazidir. Kəşfiyyat məlumatlarının paylaşılması, birgə təlimlərin keçirilməsi və planlamaların birlikdə həyata keçirilməsi regionda təhlükəsizliyin təmin olunmasına, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasına və sabitliyin qorunmasına ciddi töhfə verə bilər.
Azərbaycan və Qazaxıstan arasında dərinləşən əməkdaşlıq modeli ölkələrin təhlükəsizlik sahəsində strateji dialoqunu gücləndirən və transmilli cinayətkarlığa qarşı birgə mübarizə imkanlarını artıran mühüm addım kimi qiymətləndirilir. Bu görüş həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi baxımından vacib mesajlar verir və türk dövlətləri arasında birgə təhlükəsizlik koordinasiyasının əhəmiyyətini açıq şəkildə ortaya qoyur".
Sura Əliyeva