Azərbaycan və Türkiyə arasında fəaliyyət planı imzalanıb
Azərbaycan və Türkiyə arasında 2026-2027-ci illər üçün Əmək və Sosial Təminat üzrə Fəaliyyət Planı imzalanıb.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər yüksək dinamika ilə inkişaf edir:
“Bu yaxınlıq mədəni, mənəvi, etnik və psixoloji əsaslara söykənir. İki ölkə xalqları tarixən çox yaxın olub və bu da dövlətlərarası münasibətlərdə özünü göstərir. Əlaqələr 1994-cü ildə bağlanmış Dostluq və Hərtərəfli Əməkdaşlıq Müqaviləsi, 2010-cu ildə Strateji Tərəfdaşlıq Müqaviləsi və 2020-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənib. Ölkə başçımızın da vurğuladığı kimi, bizim yolumuz türk ailəsidir.
Azərbaycan və Türkiyə həm hərbi, həm iqtisadi, həm təhsil, həm sosial, həm də digər sahələrdə sıx əməkdaşlıq edir. Hər iki ölkə bir sıra beynəlxalq platformalarda, o cümlədən Türk Dövlətləri Birliyində birlikdə təmsil olunur. Bu əməkdaşlıq qarşılıqlı təcrübə mübadiləsi və layihələrin həyata keçirilməsi ilə daha da güclənir.
Xüsusilə sosial sahədə Türkiyənin təcrübəsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Sosial müdafiə, sosial xidmət, məşğulluq proqramları,gender məsələləri və uşaqlara göstərilən sosial xidmət sahəsində təcrübələr öyrənilir və birgə fəaliyyət planları çərçivəsində tədbirlər həyata keçirilir. Universitetlər və sosial iş təhsili sahəsində əlaqələr də mövcuddur; Bakı Dövlət Universiteti və Ankaradakı Sosial Elmlər Universiteti arasında layihələr həyata keçirilir. Əməkdaşlıq həmçinin ailə dəyərlərinin qorunması, sosial xidmətlərin inkişafı və türk dünyasının birliyi üçün önəmlidir. Azərbaycan-Türkiyə əməkdaşlığı qarşılıqlı faydalı, dayanıqlı və uzunmüddətlidir, bu isə həm iki xalq, həm də Türk Dövlətləri Birliyinin güclənməsinə töhfə verir".
Reyhan Quliyeva