Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliyin gücləndirilməsinə dair anlaşma memorandumu təsdiqlənib.
8 maddədən ibarət memoranduma əsasən, birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə "İnformator.az"a açıqlamasında bildirib ki, memorandum iki ölkə arasında, xüsusilə hərbi təhlükəsizlikdə bir çox sahələri əhatə edir:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Milli Məclisdə memorandum ratifikasiya olunmuş və Azərbaycan Prezidenti cənab İlham Əliyev təsdiqləmişdi. Memorandum iki ölkə arasında, xüsusilə hərbi təhlükəsizlik sahəsində bir çox sahələri əhatə edir. Tərəflər bir-birinə hərbi yardım göstərmək imkanlarını rəsmiləşdiriblər və qanunvericiliyə uyğun olaraq, bir tərəfin sorğusu əsasında hərbi yardım göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, dinc dövrdə mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirilməsi planlaşdırılır. Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik məsələlərini əhatə etmir, həmçinin hərbi yardım, təlim, təchizat və hərbi sahədə birgə fəaliyyətin koordinasiyası, təkmilləşdirilməsi və genişləndirilməsi məsələlərini də özündə əks etdirir. Bununla yanaşı, milli qanunvericiliyə uyğun olaraq, hər iki ölkə hərbi məlumat mübadiləsi aparacaq və hərbi kəşfiyyat sahəsində əməkdaşlıq nəzərdə tutulur. Belə ki, əldə edilmiş məxfi və tam məxfi məlumatlar paylaşılacaq və birgə əməliyyatlar zamanı istifadə olunacaq. Bu Anlaşma Memorandumu iki qardaş dövlət arasında onsuz da analoqu olmayan münasibətlərin hərbi sahədə rəsmiləşdirilməsi və institusional şəkildə möhkəmləndirilməsini göstərir. Dövlətlərimiz arasındakı münasibətlərin ən yüksək səviyyədə inkişaf etməsi təqdirəlayiqdir və parlamentdə bununla bağlı mövqe bildirildi".
Ekspertin sözlərinə görə, dövlətlərimiz arasındakı münasibətlər bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcək:
"Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq gələcəkdə bütün sahələri əhatə edən birgə fəaliyyətin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Şuşa bəyannaməsi də imzalanmışdır və burada hərbi təhlükəsizlik məsələləri əks olunub. Şuşa bəyannaməsi ölkələrimiz arasında ticarət, təhsil, səhiyyə və digər sahələri də əhatə edən geniş əməkdaşlığı təmin edir. Ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir və qarşılıqlı yardım prinsipinə əsaslanır. İkinci Qarabağ müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmiləri Azərbaycanın yanında olduqlarını açıq şəkildə nümayiş etdiriblər. Azərbaycan da bütün məsələlərdə Türkiyəni dəstəkləyib. Bu, dövlətlərimiz arasında qardaşlıq və birliyin bariz nümunəsidir. Dövlətlərimiz arasındakı münasibətlər bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcək. Azərbaycanın və Türkiyənin liderliyi ilə Türk Dünyası güclənməkdədir. Türk Dövlətləri Təşkilatı çərçivəsində təmsil olunan dövlətlərin birləşməsi və güclü bir vahidə çevrilməsi prosesi sürətlə irəliləyir. Bu memorandum həm də həmin məqsədə xidmət edir və bütövlükdə Azərbaycan
və Türkiyə münasibətlərinin yüksək səviyyədə inkişafı və türk dünyasının güclənməsinə töhfə kimi qiymətləndirilməlidir. İmzalanmış və təsdiqlənmiş Memorandum yüksək səviyyədə qiymətləndirilir və təqdir olunur".
Xədicə Məhərrəmli
